Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov bildirib ki, vahid taksi xidmətinin yaradılması ilə bağlı sənəd var.
Onun sözlərinə görə, bununla nazir məşğul olur: «Metro, avtobus, taksi vahid olsa, daha yaxşı olar».
Vahid taksi sisteminin yaradılması hələ 2017-ci ildə Bakı Nəqliyyat Agentliyin (BNA) tərəfindən təklif olunmuşdu. Bildirilmişdi ki, Bakıdakı taksi məsələsi ilə bağlı pərakəndə vəziyyət mövcuddur və bu vəziyyəti düzəltmək üçün vahid taksi sistemi gərəkdir.
2020-ci ildə də BNA taksi fəaliyyətini tənzimləyən bir konsepsiyanı təqdim etdi. Konsepsiyada vahid dispetçer mərkəzinin yaradılması, tarif sisteminin və kvotanın tətbiqi eyni zamanda sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı məsələlər öz əksini tapmışdı, vahid tarif da təklif olunmuşdu.
Milli Məclisin deputatı Azər Badamov “Turan”a bildirib ki, vahid taksi xidmətini taksi xidməti üçün norma və tələblər müəyyənləşəndən sonra yaratmaq daha yaxşı olar. «Çünki taksi xidməti kimi fəaliyyət göstərən avtomobillərə nəzarət olmadığından onların texniki vəziyyəti normalara uyğun olub-olmaması ilə bağlı sürücüdən soruşan yoxdur. Ona görə də xoşagəlməz hallar taksi xidmətində çox baş verir».
Onun sözlərinə görə, taksi sürən insanın sağlamlıq durumu, digər tərəfdən avtomobilinin təmizliyinə riayət edilməsi ilə bağlı da daxil normalar hazırlanmalıdır. «Həmçinin taksilərə taksometrin qoyulması da vacibdir».
Deputat hesab edir ki, vahid taksi xidməti olsa, bu, rəqabət mühitinin davam etməsinə mənfi təsir göstərəcək.
Bakı Nəqliyyat Agentliyindən isə “Turan”a bildirilib ki, Bakı şəhərində taksi kimi fəaliyyət göstərənlərin 95 faizi qanunsuz sərnişindaşıma ilə məşğuldur. «Onların heç biri taksi deyil. Taksilərlə bağlı Nazirlər Kabinetinin 73 saylı qərarla təsdiq olunmuş normalar və qaydalar var. Həmin «taksilər» isə nə bu normalara uyğun gəlirlər, nə fərqlənmə nişanını alıb fəaliyyət göstərirlər».
Qurumdan qeyd olunub ki, bu sahədə nizam-intizam yaradılmasına ehtiyac var.
İşçi Masası Həmlarlar İttifaqları Koalissiyasının baş koordinatoru Afiəddin Məmmədov isə AzadlıqRadiosuna bildirib ki, dövlətin bu formada özəl sektoruna müdaxiləsi doğru deyil. «Bu müdaxilə taksi sürücülərin prblemlərini həll etməyəcək və əksinə, daha böyük problemləri, o cümlədən korrupsiya mənbələri yaradacaq».
O, hesab edir ki, dövlət problemləri qanunla tənzimləməlidir. «Biz də bu problemlərin həlli üçün alternativ qanun layihəsini hazırlayırıq».
Təşkilat koordinatoru qeyd edib ki, şirkətlər sürücünü işə götürərkən onu fərdi sahibkar kimi qeydiyyatdan keçməyə məcbur edirlər və onlarla xidmət müqaviləsini bağlayırlar. «Bu isə qanuna ziddir. Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən, əgər görülən iş işəgötürənin əsas fəaliyyət sahəsinə aiddirsə, o zaman əmək fəaliyyətini xidmət müqavilə ilə rəsmiləşdirilməsinə yol verilmir. Bu da o deməkdir ki, sərnişindamalarla məşğul olan şirkət sürücülərlə əmək müqaviləsini bağlamalıdır».
A.Məmmədov hesab edir ki, buna nail olmaq və hazırda qanunvericilikdə olan boşluqları doldurmaq lazımdır. «Nəzərə alsaq ki, bu gün taksi sürücülərin əsas problemlərindən biri qiynətlərlə bağlıdır, bununla bağlı hər hansı tənzimləmələr etmək olar və yaxud da mininum tarif ortaya qoymaq olar».
O, bildirib ki, bu müzakirələr əsasında olmalıdır və müzakirələrdə yalnız dövlət qurumları yox, həmkarlar ittifaqları da iştirak etməlidir. «Beləliklə də dövlət qurumları taksi sürücülərin problemlərini onların özlərindən öyrənə bilərlər».
İqtisadçı Rəşad Həsənov isə “AzadlıqRadiosu”na bildirib ki, bu gün vahid taksi xidmətinin adı altında taksi xidmətinin dövlət tərəfindən təşkil proqramın işlənilməsi ilə bağlı ehtimallar var. «Əgər layihə bunu nəzərdə tutursa, bu tamamilə yanlış bir yanaşmadır. Çünki taksi bizdə çox azsaylı fəaliyyət sahələrindən biridir ki, nisbətən burada rəqabətlik var və bu rəqabətliliyin fonunda da qiymətlər optimallaşır. Bu da bugünkü şəraitdə alıcılıq gücü az olan Azərbaycan vətəndaşı üçün nisbətən uyğundur».
Ekspert qeyd edib ki, bu şərtlər aradan qaldırılsa bu, son nəticədə xidmətin keyfiyyətinin aşağı düşməsinə gətirib çıxaracaq. «Çünki rəqabət olanda xidmətin keyfiyyəti artır. Belə bir şəraitdə hökümətin vahid taksi xidməti layihəsini icra etməklə prosesi öz nəzarətinə götürməsi və vahid təriflərə keçidin təmin edilməsi son nəticədə həm xidmətlətin keyfiyyətinin aşağı düşməsinə gətirib çıxaracaq, həm qiymətlərin əlçatanlığını zəyiflədəcək».