Mehdi Hüseynzadə adına Abşeron rayonu Novxanı kənd 1 nömrəli tam orta məktəbin direktorunun ad günü üçün rüşvət yığıldığı iddia olunub. Bildirilib ki, məktəbin direktoru Taliyə Mirzəyeva ad gününə görə şagirdlərdən rüşvət toplayıb.
Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirildi ki, sosial şəbəkələrdə Novxanı kənd 1 nömrəli tam orta məktəblə bağlı yayılan səs yazısı ilə əlaqədar araşdırma aparılıb:
“Məlum olub ki, 2021-ci ilin dekabr ayında Novxanı kənd 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Əmirova Aytən Hacı qızı və şagirdlərin öz şəxsi istəyi və təşəbbüsləri ilə məktəbin direktoru Taliyə Mirzəyevanın ad günü üçün müəyyən vəsait toplanmasını tapşırıb. Məsələ ilə bağlı sözügedən məktəbin direktoru və müəllimindən izahat alınıb. Direktor izahatında məlum hadisədən məlumatsız olduğunu bildirib. Müəllim Əmirova Aytən Hacı qızı barəsində isə müvafiq ölçü götürülüb”.