Bu gün Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqi keçirilib.
Brifinqdə çıxış edən Baş prokuror Kamran Əliyev deyib ki, Ermənistan ərazi iddialarına son qoymur.
Onun sözlərinə görə, Azərbaycana qarşı ərazi iddiaları müxtəlif formalarda həyata keçirilib: “34 ildir bu iddialar müşahidə olunur. Ermənilər Azərbaycan xalqına qarşı müxtəlif formalarda cinayətlər həyata keçiriblər. Müstəqillikdən sonra ekoloji, iqtisadi xarakterli cinayətlər törədilib”.
Baş prokuror Kamran Əliyev 34 il ərzində bütün cinayətlərin Azərbaycan ərazisində baş verdiyini xüsusi vurğulayıb.
Bundan başqa, Kamran Əliyev onu da qeyd edib ki, hərbçilərlə bağlı sosial şəbəkələrdə yayılan videolar çox narahatlıq doğurub.
Onun sözlərinə görə, Azərbaycan hərbçilərinin olduğu iddia edilən şəxslərin qarşı tərəfə münasibətdə hərəkətləri birtərəfli mövqe yaradıb: “Videoda saxta elementlər var. Araşdırma aparılmalıdır. Məlum görüntülər var. Ermənistan ərazisində müharibə getməyib, cinayətlər ermənilərə qarşı törədilməyib. Və əraziləri də dağıdılmayıb. Kimlər tərəfindən çəkildiyi aydınlaşdırılmalıdır”.
Brifinqdə Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov isə bildirib ki, erməni silahlı birləşmələri tərəfindən törədilmiş cinayət hadisələri bir neçə istiqamətdə təsnifatlaşdırıla bilər ki, burada da kütləvi insan itkisi ilə nəticələnən terror hadisələri xüsusi qeyd edilməlidir.
Onun sözlərinə görə, 1988-94-cü illərdə azərbaycanlı mülki əhali hədəf alınmaqla törədilən 38 terror hücumu zamanı 10 sərnişin avtobusu, 11 minik avtomobili, 1 minik avtomobili karvanı, 2 yük avtomobili, 6 sərnişin qatarı, 2 metro qatarı, 2 helikopter, 1 təyyarə və 1 dəniz bərəsində törədilən partlayışlarda 1105 nəfər həlak olub, 1180-dən çox adam yaralanıb:
“Həmin terror hücumlarından biri zamanı 20.11.1991-ci il tarixdə Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında erməni hərbi dəstələri tərəfindən Azərbaycan Respublikasına məxsus Mİ-8 markalı hərbi helikopterin vurulması nəticədə Azərbaycan Respublikasının Dövlət katibi Tofiq İsmayılov, Baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, Baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstan Respublikası Daxili İşlər nazirinin müavini Saylau Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də olmaqla ümumilikdə 22 nəfər qətlə yetirilib.
Hətta 18 mart 1994-cü il tarixdə Xankəndi şəhəri yaxınlığında Azərbaycana məxsus olduğunu güman edildiyi üçün İran Hərbi Hava Qüvvələrinə məxsus “Herkules” tipli təyyarənin vurulması ilə 34 diplomat və ailə üzvləri həlak olub.
Erməni silahlı birləşmələri tərəfindən silahsız mülki əhaliyə qarşı törədilən soyqırımı və kütləvi qətl hadisələri ilə bağlı prokurorluq orqanlarında bir neçə cinayət işi istintaq olunub, cinayət törətmiş şəxslərin barəsində təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında, habelə qiyabi həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edilib.”, - deyə İ.Səfərov bildirib.
O, Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilən cinayətlərlə bağlı məlumat verib:
“Kərkicahan soyqırımında - 17 nəfər öldürülüb, 7 nəfər öldürülməyə cəhd edilib, 2 nəfər girov götürülüb, 1796 nəfər daimi yaşayış yerini tərk etməyə məcbur olub. Hadisələri törətmiş 47 nəfər silahlı şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında, habelə qiyabi həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edilib. Bağanis Ayrım soyqırımında - 7 nəfər öldürülüb, 2 nəfər öldürülməyə cəhd edilib, 12 yaşayış evi yandırılıb, 438 nəfər daimi yaşayış yerini tərk etməyə məcbur olub. Hadisələri törətmiş 18 nəfər silahlı şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında, habelə qiyabi həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edilib. Meşəli soyqırımında – 25 nəfər öldürülüb, 14 nəfər öldürülməyə cəhd edilib, 2 nəfər girov götürülüb, 41 yaşayış evi və digər tikili yandırılıb, 358 nəfər kənd sakini daimi yaşayış yerini tərk etməyə məcbur olub. Hadisələri törətmiş 9 nəfər silahlı şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında, habelə qiyabi həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edilib. Ağdərə rayonu Başgüneypəyə kəndində - 21 nəfər öldürülüb, 4 nəfər öldürülməyə cəhd edilib, 599 nəfər daimi yaşayış yerini tərk etməyə məcbur olub. Qaradağlı soyqırımında - 67 nəfər öldürülüb, 2 nəfər öldürülməyə cəhd edilib, 49 nəfər girov götürülüb, 941 nəfər daimi yaşayış yerini tərk etməyə məcbur olub.
Hadisələri törətmiş 12 nəfər silahlı şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında, habelə qiyabi həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edilib. Xocalı soyqırımında - 613 nəfər öldürülüb, 8 ailə tamamilə məhv edilib, 487 nəfər öldürülməyə cəhd edilib, 1275 qadın, uşaq və qoca girov götürülməklə işgəncəyə məruz qalıb, 5379 nəfər daimi yaşayış yerini tərk etməyə məcbur olub, Hadisələri törətmiş 40 nəfər silahlı şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında, habelə qiyabi həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edilib. Kəlbəcər rayonunun Başlıbel kəndinə - 12 nəfər öldürülüb, 14 nəfər girov götürülüb, mühasirədə qalan 36 nəfər şəxsdən 7-si aldığı xəsarətlərdən ölüb, 29 nəfər daimi yaşayış yerini tərk etməyə məcbur olub. Tunel qətliamında – Kəlbəcər rayonunda, 35 kəndi rayon mərkəzi ilə birləşdirən tuneli keçmək istəyən mülki şəxslərdən 26 nəfər öldürülüb və meyitləri maşınlarla birgə yandırılıb, 30 nəfər girov götürülüb”.
Brifinqində baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov bildirib ki, 1988-ci ilin fevral ayından etibarən Ermənistan SSR-in Azərbaycan SSR-ə, 1991-ci ildə müstəqilliyin bərpasından sonra isə Ermənistan Respublikasının Azərbaycan Respublikasına ərazi iddiaları və hərbi müdaxiləsi nəticəsində son 34 il ərzində Azərbaycan dövlətinə, xalqına və vətəndaşlarına qarşı çoxsaylı sülh və insanlıq əleyhinə və müharibə cinayətləri törədilib.
“Bu cinayətlərin hər biri prokurorluq orqanları tərəfindən araşdırılıb, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb, sübutlar toplanılıb, cinayət törətmiş şəxslərin bir qismi müəyyən edilməklə məhkəmə məsuliyyətinə verilib, barələrində ədalətli məhkəmə hökmləri çıxarılıb. Eyni zamanda cinayət törətmiş bir sıra şəxslər barəsində cinayət məsuliyyətinə cəlbetmə haqqında qərarlar qəbul edilməklə onların beynəlxalq axtarışa verilməsi təmin edilib, həmin şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində ardıcıl işlərin görülməsi davam etdirilir”, - deyə İ.Səfərov bildirib.
Brifinqdə çıxış edən Xarici İşlər Nazirinin müavini Elnur Məmmədov deyib ki, Ermənistan qarayaxma kampaniyası davam etdirir.
Onun sözlərinə görə, beynəlxalq təşkilatlara törədilən cinayətlərlə bağlı ictimai şəkildə çağırış edilməlidir: “Ermənistan törətdiyi beynəlxalq və hərbi cinayətlərə görə məsuliyyətdən qaçır. Əvvəlki cinayətlərə görə məsuliyyətin müəyyən edilməsi sülh danışıqları üçün önəmlidir”, - deyə E.Məmmədov bildirib.