Məktəblilərə ehsan adıyla konfet kağızında NARKOTİK VERİLİR? - DİN-dən REAKSİYA - AUDİO

 04-10-2022

Son vaxtlar ehsan adıyla məktəbli uşaqlara konfet kağızında naməlum qida verilməsi barədə iddialar səslənir.

İddialara görə, belə hadisələrdən biri də Xətai rayonu (Əhmədli qəsəbəsi), 95 nömrəli orta məktəb şagirdinin başına gəlib. Bu barədə “Facebook”da paylaşım edən şəxs valideynləri ehtiyatlı olmağa səsləyib:

“Yaxın bir tanışım danışdı. Dünən dərs çıxışı zamanı oğlunun sinif yoldaşının qardaşına şəhid ehsanı adıyla konfet veriblər, uşaq götürmək istəməyib, ancaq əlinə tutuşdurublar ki, şəhidin ruhu inciyər səndən. Uşaq da konfeti götürüb, nə yaxşı ki yeməyib, aparıb, anasına verib. Hazırda polisə müraciət edilib, araşdırma aparılır”.

Qeyd edək ki, hadisə ilə bağlı məktəb müəllimləri arasında da audio yayılıb. 

 
Məktəbdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, müvafiq tədbirlərin görülməsi məqsədilə məktəb rəhbərliyi tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub.

DİN-dən hadisə ilə bağlı bildirilib ki, məktəblərdən birində şagirdlərə guya konfetə bükülmüş formada narkotik vasitələrin paylanıldığı barədə sosial şəbəkələrdə yayılan görüntülər polis əməkdaşları tərəfindən dərhal nəzarətə götürülüb: 

\“Aparılmış araşdırmalar zamanı qeyd edilən görüntünün Xətai rayonundakı məktəblərin birində təhsil alan 12 yaşlı şagird tərəfindən çəkildiyi müəyyən edilib. Həmin şagird valideyninin iştirakı ilə aparılan profilaktiki söhbətə cəlb olunub.

O, konfetin üzərinə müxtəlif ədviyyatlar qataraq qeyd edilən fotonu çəkdiyini bildirib. Daha sonra guya “narkotik”in məktəbin ətrafında tanımadığı şəxs tərəfindən ona verildiyi barədə yalançı təəssürat yaradaraq həmin məlumatı sosial şəbəkələrdə məşhurlaşmaq üçün yayıb.

Sonda valideynlərdən sosial şəbəkələrdə və “whatsapp” qruplarında özündə heç bir reallığı əks etdirməyən həmin məsələ barədə olan səs yazılarına etibar etməməyi və yaymamağı xahiş edirik”, - deyə qurumdan bildirilib.

Bənzər yazılar

0.20946097373962