Şagirdin sinif yoldaşını döyməsi ilə bağlı ARAŞDIRMA APARILIR

 04-10-2022

Sosial şəbəkələrdə məktəbdə bir şagirdin digərinə fiziki zorakılıq tətbiq etməsinin görüntüləri yayılıb.

Görüntülərin Sabunçu rayonu Pirşağı qəsəbəsi 112 nömrəli tam orta məktəbdə çəkildiyi iddia olunub.

Görüntülərdən aydın olur ki, başqa bir şagird də bu zorakılıq hadisəsini telefonla çəkib sosial şəbəkələrdə paylaşacağını deyir.

Məktəbdə bir şagirdin digərini döyməsi və başqa bir şagirdin də onları lentə alması sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

Bakıda məktəblinin öz sinif yoldaşı tərəfindən döyüldüyü görüntülər yayıldıqdan sonra övladları həmin tədris ocağında oxuyan valideynlər ora axın ediblər.

Lent.az-ın hadisə yerində olan əməkdaşı həmin valideynləri danışdırıb. 

Onlar eyni hadisənin öz övladlarının başına gələcəyindən qorxublar, müəllimlərin cəzalanmasını tələb ediblər.

Ətraflı süjeti təqdim edirik:

 

Sabunçuda yerləşən 112 nömrəli tam orta məktəbdə döyülən şagirdin valideynləri danışıblar.

Baku TV-yə açıqlama verən şagirdin atası Namiq Zeynalov bildirib ki, məsələ ilə bağlı nazirliyə şikayət edib:

“Nazirliyin gördüyü tədbirdən razı deyiləm. Şifahi töhmət yazılıb”.

Şagirdin nənə və babası isə məsələdən görüntülər sosial şəbəkələrdə yayılandan sonra xəbər tutduqlarını bildiriblər.

Daha ətraflı süjetdə:

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, hadisə araşdırılır: “Sosial şəbəkələrdə yayılan görüntülərdən məlumatlıyıq. Araşdırma aparılır”.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən qeyd edilib ki, məktəbin 9-cu sinif şagirdlərdən biri digərinin ünvanına nalayiq ifadələr işlətdiyi üçün onunla mübahisə edib:

"Hər iki məktəbli valideynləri ilə birgə polis orqanına dəvət olunub və izahatları alınıb. Xəsarətin dərəcəsini müəyyənləşdirmək üçün tibbi ekspertiza təyin olunub. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir".

112 nömrəli tam orta məktəbdən isə bildirilib ki, həmin şagirdlər arasında əvvəllər heç bir mübahisə yaranmayıb: "Sosial şəbəkələrdə şagirdlərin uyğunsuz davranışı ilə bağlı yayılan görüntülər 30 sentyabr tarixində tənəffüs zamanı baş verib. Görüntüləri çəkən şagird həmin gün məktəbə iki mobil telefon gətirərək birini sinif rəhbərinə təhvil versə də, digərini özündə saxlayıb. 

Sinif rəhbəri hadisədən xəbərdar olan kimi şagirdlərlə söhbət aparıb. Onlar səhvlərini anladıqlarını və artıq barışdıqlarını bildiriblər.

Məktəb rəhbərliyi tərəfindən şagirdlərdən və onların valideynlərindən izahat alınıb, psixoloqlar tərəfindən məktəblilərlə müvafiq istiqamətdə söhbət aparılıb. 

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da məlumat verilib. Məktəbdaxili nizam-intizam qaydalarına əməl etməyin zəruriliyi bir daha şagirdlərin diqqətinə çatdırılıb".

Sözügedən hadisə ilə bağlı Bakı Şəhər Təhsil İdarəsindən isə  bildirilib ki, məsələ ilə bağlı müvafiq araşdırma aparılır: "Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin psixoloqları da məktəbdə olub, uşaqlarla zəruri söhbət aparılıb, müvafiq dəstəkləyici tədbirlərin həyata keçirilməsi qərara alınıb. Qeyd edək ki, məktəbdaxili münasibətlərin düzgün tənzimlənməsi hər zaman diqqət mərkəzində saxlanılır və bununla bağlı zəruri maarifləndirmə işləri görülür".

Sözügedən hadisə ilə bağlı Baş Prokurorluq da məlumat yayıb.

Məlumatda deyilir:

“Sosial şəbəkələrdə Sabunçu rayonunda orta məktəbdə azyaşlı uşağın həmyaşıdı tərəfindən zorakılığa məruz qalmasına dair yayılmış videogörüntü ilə bağlı daxili işlər, aidiyyəti digər dövlət qurumları tərəfindən görülmüş tədbirlərlə yanaşı Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində də araşdırma aparılıb.

Araşdırma nəticəsində İnzibati Xətalar Məcəlləsinin 512-ci maddəsi ilə yetkinlik yaşına çatmayanların xırda xuliqanlığına görə valideynlərinin (və ya onları əvəz edən şəxslərin) məsuliyyətə cəlb olunması üçün əsas müəyyən edildiyindən, faktla bağlı inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Sabunçu rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasına göndərilib.

Eyni zamanda, hadisənin baş verdiyi təhsil ocağında qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair təqdimat aidiyyəti üzrə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə göndərilib.

Baş Prokurorluq vətəndaşlara müraciət edərək uşaqların təlim-tərbiyəsində aidiyyəti təhsil ocaqlarının vəzifəli şəxslərinin məsuliyyəti olması ilə yanaşı valideynlərin də məsuliyyətli olduğunu xatırladaraq bu mühüm məsələyə lazımi diqqətin göstərilməsinin vacibliyini vurğulayır”, - məlumatda bildirilib.

 

Bənzər yazılar

0.20127606391907