2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilib.
Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:
- Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilsin.
- Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti”, - sərəncamda bildirilib.