“Bakıda mənzil tapmaq olmur” - Rusiyadan axın Azərbaycanın daşınmaz əmlak bazarına NECƏ TƏSİR EDƏCƏK? 

 28-09-2022

Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra ölkəmizə Rusiya və Ukraynadan gələn şəxslərin sayında gözlə görüləcək qədər artım oldu. Lakin bu say Rusiyada səfərbərlik elan olunandan sonra daha da çoxalıb. Bu gün təkcə əcnəbilər deyil, rusların özləri də Rusiyanı tərk edib Azərbaycana və digər ölkələrə üz tuturlar. Bu isə özlüyündə kirayə və daşınmaz əmlak bazarında qiymət dəyişikliklərinə səbəb olur.

Əmlak eksperti Elnur Fərzəliyev oxu.az-a açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsi başladığı gündən Rusiya vətəndaşlarına Avropada, Amerikada müəyyən təzyiqlər olduğuna, rusiyalı iş adamları müəyyən sanksiyalara məruz qaldıqlarına görə Rusiya və Ukrayna vətəndaşları daha çox Türkiyəyə üz tutublar:

“Ona görə də Türkiyənin turistik şəhərlərində daşınmaz əmlak sektoruna milyardlarla dollar yatırıldı. Azərbaycanda da belə yatırımlar yönündə gözləntilər vardı. Çünki ruslar üçün Azərbaycan daha önəmlidir, ölkəmizdə, xüsusilə Bakıda çox sayda rusdilli məktəb var. Paytaxt sakinlərinin əksəriyyəti rus dilini bilir. Yəni buraya gələnlər özlərini daha rahat hiss edərdilər. Lakin müharibədən sonra Rusiya və Ukraynadan Azərbaycana az sayda insan gəldi. Gələnlər yalnız Ukraynada və Rusiyada yaşayan azərbaycanlılar oldular. Rusiyada yaşayan həmvətənlərimiz isə onsuz da yatırımların böyük hissəsini Azərbaycanın daşınmaz əmlak sektoruna edirdilər”. 

Ekspert qeyd edib ki, illik statistikaya əsasən, daşınmaz əmlakın bir hissəsi sırf Rusiyadan gələn pullar hesabına alınıb:

“Səfərbərlikdən sonra Rusiyadan Azərbaycana müəyyən sayda insan gəlir, lakin onların da əksəriyyəti azərbaycanlılardır. Yəni onların burada ya öz evləri, ya da qohumlarının evləri var. 

2000-ci ildən bu günədək Bakı şəhərində inşa prosesi gedir, çünki tələbat çoxdur. 22 il ərzində Bakı-Abşeron ərazisində yüzlərlə çoxmənzilli bina tikilib. Biz hər mənzilin, qeyri-yaşayış obyektinin qiymətləndirməsini aparsaq, görərik ki, bir binanın real qiyməti 10-80 milyon arasında dəyişir.

Bu isə o deməkdir ki, insanlarda alıcılıq qabiliyyəti var. İstər Türkiyədən, istər İrandan, istər başqa ölkələrdən gələn xarici vətəndaşlar isə Azərbaycanda iş qurarkən mənzil almaq yerinə, daha çox kirayələməyə üstünlük verirlər”.

Müsahibimiz diqqətə çatdırıb ki, Azərbaycanda ev alan əcnəbilər əsasən Azərbaycan vətəndaşlığına keçmək istəyənlərdir:

“Miqrasiya qanunvericiliyinə görə, hansısa bir xarici vətəndaş Azərbaycanda daimi yaşamaq istəyirsə, ya Azərbaycan bankına 100 min manatdan bir az çox pul qoymalıdır, ya da Azərbaycanda 100 min manatdan yuxarı dəyəri olan daşınmaz əmlak almalıdır. Beş il onun qiymətləndirilməsi aparıldıqdan sonra vətəndaşlıq verilir. Türkiyədə də belə bir qanun var, lakin bir müddət əvvəl dəyişiklik edildi. Belə ki, əvvəllər Türkiyədə vətəndaşlıq almaq üçün ölkənin daşınmaz əmlak sektoruna 250 min dollar sərmayə qoyurdun, indi bu məbləği 400 min dollara qaldırıblar”. 

E.Fərzəliyev hesab edir ki, əgər bir müddət sonra Rusiyadan Azərbaycana köç başlasa, əmlak bazarında müəyyən canlanma olacaq:

“Kirayə mənzillər Bakıda qıtdır, ucuz evlər, demək olar ki, yoxdur. Yeni tikili binalarda təmirli və bahalı evlər var, onlar isə uzun müddətdir boşdur, çünki aylıq ödəniş qiymətləri təxminən 700-2 500 manat aralığındadır. Paytaxtda 2016-cı ildən başlayaraq Nazirlər Kabinetinin 86 saylı Sərəncamı ilə söküntü işləri başlayıb. Söküntü gedən binalarda yaşayan vətəndaşlar isə iki-üç il, yəni bina hazır olanadək kirayədə qalmağa məcburdurlar. Həmçinin Bakıda bölgələrdən gələn minlərlə tələbə var. İş üçün gəlib kirayə qalanlar da az deyil. Bu səbəbdən Azərbaycana gələn xarici vətəndaşlar Bakıda kirayə mənzil tapmaqda çətinlik çəkirlər. Amma onların burada daşınmaz əmlaka investisiya maraqları çoxdur. Yaxın dövrdə də Rusiyadan, hətta İrandan insanların axın edəcəyi gözlənilir. Bu, pul axınına səbəb ola bilər, tikinti sektoruna müsbət təsir göstərər”.

Həmsöhbətimiz əvvəlki illərin uğursuz təcrübələrindən də söz açıb:

“2016-2017-ci illərdə şərq ölkələrindən turist kimi gələn şəxslər Azərbaycanın əmlak sektoruna sərmayə qoymaq istədilər. Lakin həmin dövrdə yeni tikili binaların bir hissəsinə çıxarışlar olmadığına görə onlar investisiya yatıra bilmədilər. Çıxarışlı binaların sayı bizdə az olduğuna görə o pullar Azərbaycandan yan keçib qonşu Gürcüstana və Türkiyəyə getdi. Türkiyədə daşınmaz əmlaka investisiya qoyan azərbaycanlılar da az deyil, 2020-ci ilin yanvarından bəri hər ay Türkiyədə azərbaycanlılar yüz mənzil alırlar. Bu, böyük miqdarda pulun ölkədən getməsidir”.

Sayad Həsənli

Bənzər yazılar

0.14362597465515