Əri tərəfindən uzun müddət döyülən, ayrıldıqdan sonra təhdid edilən və yekunda bıçaqlanan iki uşaq anası olan qadın - L.H hüquq-mühafizə orqanları tərəfindən onun şikayətlərinə baxılmadığını iddia edib.
Qadının müdafiəçisi Cəmşid Sərdarlı “Kriminalqafqaz”a müraciətində bildirib ki, hazırda boşanma ərəfəsində olduğu müvəkkili ötən gün əri Mehman Hacıyev tərəfindən bıçaqlanıb:
“Dünən o, səhər işə getmək üçün evdən çıxarkən ərinin qəfil hücumuna məruz qalıb. Mehman bina sakinlərinin gözü qarşısında ona müxtəlif bədən xəsarətləri yetirib. Qadın sağ qolundan, əlindən və sol budundan kəsilmiş deşilmiş yaralar alıb. O, təcili tibbi yardımla Sabunçu xəsətəxanasına çatdırılıb, əməliyyat olunaraq tikiş qoyulub”.
Hüquq müdafiəçisinin sözlərinə görə, illər ərzində Mehman Hacıyev arvadını heç bir əsas olmadan mütəmadi şəkildə döyərək işgəncələrə məruz qoyub: “Onlar 2008-ci ildə ailə qurub, bu evlilikdən iki övladları olub. Qadın dərman firmalarında çalışıb, qazancını isə Mehman alaraq öz borclarına verib. Hazırda taksi sürücüsü işləyən Mehman bir müddət Xətai Rayon RPİ-də mühafizə polisində işləyib. Narkotik satıcıları ilə yaxın əlaqəsi olduğu üçün işdən qovulub. Sonuncu dəfə döyüləndən sonra qadın övladları ilə birlikdə atasının evinə gedib və boşanmaq üçün müraciət edib. Hazırda boşanma ilə bağlı işlər mediasiya mərhələsindədir”.
Cəmşid Sərdarlı bildirir ki, L.H uşaqlarını və onu öldürəcəyi ilə bağlı ərindən təhdid mesajları alıb: “Ötən 3 ay ərzində hər gün Mehman Hacıyevin ölüm təhdidlərinə məruz qalması ilə bağlı daxili işlər naziri və baş prokurora dəfərlərlə yazılı müraciətlər etsə də, heç bir nəticəsi olamayıb, ona heç bir yardım edilməyib. Ötən gün Mehman keçmiş yoldaşına bıçaqla xəsarət yetirdikdən sonra hadisə yerindən qaçıb. Hadisədən sonra Mehman Hacıyev polis idarəsinə dəvət olunsa da, müəmmalı şəkildə sərbəst buraxılıb. Bundan sonra da hətta rahat şəkildə öz qızına və arvadına mesaj yazaraq bildirib ki, “sizin başınızı kəsib ölüdürəcəyəm”.
Məsələ ilə bağlı DİN Mətbuat xidmətindən “Kriminalqafqaz”ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan faktla bağlı prossesual qanunvericiliyə uyğun olaraq Xətai RPİ-nin 35-ci Polis Bölməsində təhqiqat araşdırmaları aparılır: “Toplanmış materiallar baxılması üçün Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Bütün zəruri icraat tədbirləri görülüb. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək. Əməldə şübhəli bilinən şəxsin barəsində qanunamüvafiq ölçü götürüləcək”.
Açıqlamada qeyd edilib ki, qadının polisə müraciətindən sonra zəruri hüquqi addımların atılmaması barədə iddialar da araşdırılır.
Lamiyə Məmmədova