Direktoruna 168 min “atan” qarmon müəlliminə “iş kəsildi”

 30-03-2022

Bakıda 168 min manat dələduzluq etməkdə ittiham olunan musiqi müəllimi Sahib Şükürovun məhkəməsi yekunlaşıb.

Kriminalqafqaz”ın məlumatına görə, Bakı şəhər 7 saylı musiqi məktəbinin qarmon müəllimi olan S.Şükürov məktəbin direktoru Mehriban Rüstəmovanı aldadıb. O, M.Rüstəmova barəsində daha əvvəl açılmış cinayət işinə xitam verdirəcəyini deyərək qadından 168 min manat alıb.

Belə ki, bir müddət öncə M.Rüstəmova barəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində mənimsəmə faktı ilə bağlı cinayət işi açılıbmış. Sahib özünün geniş əlaqələri olduğunu deyərək işə xitam verdirəcəyini deyib və bunun qarşılığında direktordan 168 min manat alıb. İşin həll olunmadığını görən M.Rüstəmova pulunu tələb edib. Lakin Sahib Şükürov müxtəlif bəhanələrlə pulu qaytarmayıb. Rüstəmovanın şikayəti əsasında S.Şükürova qarşı dələduzluq ittihamı ilə cinayət işi başlanılıb.

Məhkəmədə dindirilən Şükürov ittiham üzrə özünü qismən təqsirli bilib: “20 ilə yaxındır 7 nömrəli Uşaq Musiqi Məktəbində qarmon ixtisası üzrə müəllim işləyirəm. Məktəbin direktoru ilə yaxşı münasibətlərimiz olub. O, bir dəfə mənə dedi ki, barəsində cinayət işi var. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin araşdırması nəticəsində onun  37 müəllimin maaş kartını alaraq mənimsədiyi aşkarlanıb.

Mehriban barəsindəki cinayət işi ilə bağlı kömək istədi. Onun 1 milyon manat mənimsəməsinə dair cinayət işi var idi. Mehribanın mülkləri siyahısında Novxanıda torpaq sahəsi, «28 May» ərazisində üçotaqlı mənzil, bunlardan başqa mənə demədiyi digər mülklər var idi. Ona kömək məqsədilə ev alqı-satqısı ilə məşğul olan dostum Salmanla danışdım ki, evi satıb dəymiş ziyanə ödəsin. Salman evi 250 min manata sata biləcəyini dedi. Uzun müddətdir kirayədə yaşadığımdan həmin evi almağa qərar verdim.

Əvvəlcə Mehribana 50 min dollar verdim. Mehriban həmin pulu dəymiş ziyana görə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin hesabına ödədi. Müstəntiq Zaur Qasımov vəsaitin az olduğunu bildirdi. Buna görə Mehribana kömək məqsədilə daha 30 min manat verdim. Buna baxmayaraq Mehriban mənə evi satmaq istəmədiyini, baha qiymətə satıb pulumu qaytaracağını dedi. Həmin vaxtdan bu günə kimi mənə 8 min qaytarıb. Buna görə də, şikayət etdim. Bir neçə gün sonra Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağırıldım. Şikayəti mən yazsam da, Mehribanın məndən şikayətçi olduğunu dedilər”.

Məhkəmədə məlum olub ki, Sahib Şükürovun istintaqa fərqli ifadə verib: “Seyhun adlı tanışımı Mehriban Rüstəmova ilə tanış etdim. Seyhun uzun müddət vergi orqanlarında işləmişdi. Onun barəsində olan cinayət işinin həll edilməsi üçün kömək edəcəkdi. Seyhun işdən xəbərdar olduqdan sonra ziyanın ödənilməli olduğunu bildirdi. Bundan sonra Seyhunla Mehriban görüşmədi”.

Məhkəmədə dindirilmiş Mehriban Rüstəmova bildirib ki, direktor işlədiyi müddətdə məktəbdə baş vermiş qanunsuzluqlarla bağlı cinayət işi başlanılıb. O, Sahib Şükürovdan kömək istəyib. Şükürov da müəyyən ödəmə müqabilində qısa müddətdə işə xitam verdirəcəyini deyib: “Sahib ailəvi dostu olan Seyhunun vəzifəli şəxslərlə geniş əlaqələrinin olduğunu, bu işi onun vasitəsilə həll edəcəyini dedi. Öz evimi, qızımın evini, avtomobilmi belə satdım, hətta bankdan kredit götürdüm. 168 mindən əlavə cinayət işi üzrə dəymiş ziyanın ödənilməsi məqsədilə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə 90 min manat da ödəmişəm. Bir müddət sonra Sahib və Seyhun müxtəlif bəhanələrlə məni aldatmağa çalışdılar. Daha sonra zənglərə cavab vermədilər. Ən sonda məndən pul almadığını deməyə başladı. Halbuki Sahib notariusda mənimlə borc müqaviləsi bağlamışdı. İlkin olaraq 40 min manat vermişdilər. Bütün bunlara baxmayaraq, Sahibin məni aldatmasına tam əmin olduqdan sonra onun barəsində şikayət etdim”.

Məhkəmə Sahib Şükürovun ittiham edildiyi dələduzluq əməlininin sübuta yetirildiyi qərarına gəlib. Məhkəmənin gedişində Sahib Şükürov 168 min manatı tam ödəyib. Məhkəmə bu faktı və onun səhhətindəki problemləri nəzərə alaraq, ona nisbətən aşağı cəza təyin edib. Musiqi müəllimi 3 il müddətinə azadlıqdan məhrum edilib.

Bənzər yazılar

0.23155403137207