71 yaşlı sabiq baş həkimin cəzası AZALDILIB: Müavini isə AZADLIĞA BURAXILIB

 26-09-2022

Birinin cəzası azaldı, o biri həbsdən çıxdı

Bakının Qaradağ rayonu, Sahil qəsəbəsindəki 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi olmuş, 2021-ci ilin mayında məhkəmə zalında həbs olunan Rəsul Baxşəliyevin cəzası azaldılıb.

30 il baş həkim vəzifəsində işləmiş Rəsul Baxşəliyevə kəsilmiş 10 il 6 aylıq həbs müddətini apelyasiya məhkəməsi 8 il 6 aya endirib.

Onunla eyni vaxtda və eyni cinayət işi üzrə həbs edilən müavini Zinyət İsmayılova haqda hökmə də dəyişiklik edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin ona kəsdiyi 5 illik cəza olduğu kimi saxlanılıb. Amma cəzanın icrası məsələsinə dəyişiklik edilib. Bakı Apelyasiya Məhkəməsi onun himayəsində yetkinlik yaşına çatmayan övladı olduğunu nəzərə alıb. Şəxsin himayəsində azyaşlı uşaq varsa, o, 14 yaşına çatana qədər qanun hökmün icrasının təxirə salınmasına imkan verir.

1992-2021-ci illərdə baş həkim vəzifəsində işləmiş Rəsul Baxşəliyev, müavini Zinyət İsmayılova, xəstəxananın başqa bir həkimi Afət İbrahimova və bağban kimi rəsmiləşdirilmiş, əslində isə sürücü kimi fəaliyyət göstərən Əli Əliyev birlikdə mühakimə olunurdu. Onlar ümumilikdə 629 min manatlıq mənimsəmədə ittiham olunur.

İttihama əsasən, xəstəxanada onlarla adamın adı işçi kimi rəsmiləşsə də, maaş kartı Zinyət İsmayılovada olub. Maaş vaxtı gələndə Zinyət İsmayılova, yaxud Afət İbrahimova, Əli Əliyev gedib bankomatdan pulu çıxarıb və gətirib, baş həkimə verib. İddia olunur ki, çıxarılan məbləğin əsas hissəsi baş həkimə çatsa da, digər təqsirləndirilən şəxslərə də müəyyən vəsait qalıb.

Adı işçi kimi rəsmiləşmiş şəxslərə isə faydası bu olub ki, onlara staj yazılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Rəsul Baxşəliyev 10 il 6 ay, Zinyət İsmayılovaya isə 5 il azadlıqdan məhrumetmə cəzası verilsə də, digər iki təqsirləndirilənə – Afət İbrahimova və Əli Əliyevə şərti cəza kəsilmişdi.

Məhkəmədə Rəsul Baxəliyev özünü qismən təqsirli bildiyini deyib. O bildirib ki, 2009-2021-ci illərdə kartlardan çıxarılmış vəsaitlərin məbləği 629 min manat olmayıb: “Məbləğlə razı deyiləm, o qədər olmayıb”.

O, həm də bu işi təkbaşına görmədiyini vurğulayıb: “Mən tək deyiləm. Bu işi təkbaşına görməmişəm”.

Rəsul Baxşəliyev əməlindən peşman olduğunu əlavə edib.

Zinyət İsmayılova özünü qismən təqsirli bildiyini vurğulayıb. O bildirib ki, verilən göstərişləri yerinə yetirib. Onun sözlərinə görə, kartlar təqdim olunub, o da gedib çıxarıb, gətirib pulları təhvil verib.

Afət İbrahimova da özünü qismən təqsirli bildiyini deyib. O isə özündə olan bir neçə kartdan çıxardığı pulları baş həkimin müavininə verdiyini söyləyib.

Bağban-sürücü Əli Əliyev isə ümumiyyətlə, özünü təqsirli bilmir.

“Mən sadəcə, sürücü işləmişəm, nə pul görmüşəm, nə də pul yemişəm”, – Əli Əliyev bildirib.

Rəsul Baxşəliyevin vəkili bildirib ki, cinayət işi üzrə dəymiş ziyan kimi göstərilən məbləğdən 300 min manatdan çox vəsait ödənilib: “Rəsul Baxşəliyevin nəyi varsa, ödəyib. Heç nəyi qalmayıb”.

Bənzər yazılar

0.45705890655518