Gəncə şəhərində 2005-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan qızın zorlanaraq hamilə qalmasına dair qızın ailə üzvləri tərəfindən 916 Çağrı Mərkəzinə müraciətlə bağlı məsələ Ombudsman tərəfindən nəzarətdə saxlanılır.
Ombudsman Aparatından verilən xəbərə görə, Ombudsmanın Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə müraciəti əsasında yeniyetmə qız Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdirilib, onun tibbi müayinəsi və müalicəsi təşkil olunub.
Eyni zamanda, Ombudsmana müraciəti əsasında qız və ailə üzvləri müvafiq səhiyyə müəssisəsində nevroloji müayinələrə cəlb olunublar.
Ailəyə sosial-psixoloji yardımın göstərilməsi məqsədilə Ombudsman tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə müraciət edilib, qız ailə üzvləri ilə birlikdə sosial xidmət müəssisəsinə yerləşdirilib.
Bununla yanaşı, ailənin sosial problemlərinin həllində müvafiq köməkliyin göstərilməsi ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlanıb.