"Rusiyanın Yekaterinburq şəhərində saxlanılan azərbaycanlıların bir neçə qətl epizodunda və adam öldürməyə cəhddə bilavasitə əlaqələri var".
MillətinSəsi.İnfo xəbər verir ki, bu barədə region üzrə istintaq komitəsi məlumat yayıb.
Bildirilir ki, onları ömürlük həbs cəzası gözləyir:
"Əsas iş bir neçə cinayət əlaməti üzrə araşdırılır:
- bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq törədilmiş qətl;
- muzdlu qatil tutularaq törədilən qətl;
- muzdlu qatil tutularaq adam öldürməyə cəhd.
Şübhəlilər eyni etnik cinayətkar qrupun üzvləridir. Müstəntiqlərin fikrincə, ittihamların irəli sürüldüyü epizodlar Yekaterinburqda 2001, 2010 və 2011-ci illərdə baş verib.
Bir neçə şübhəli artıq etirafedici ifadələr verib və istintaqla əməkdaşlıq edir.
Hazırda qətimkan tədbirin seçilməsi məsələsi həll edilir. Əcnəbilərin digər cinayətlərdə də iştirakları yoxlanılır".
Hadisə zamanı saxlanılan Ayaz Səfərovun oğlu Ramil Səfərov deyib ki, maskalı şəxslərin evimizə hücumu zamanı saxlanılan əmilərimin ikisi qətlə yetirilib, 4 nəfər isə sağdır. O bildirib ki, hadisə nəticəsində iki nəfər xüsusi amansızlıqla qətlə yetirilib, 4 nəfər isə işgəncə altındadır:
"İki əmimi öldürüblər, 4 əmim isə polisdə işgəncə altındadır. Əmilərimin birini o qədər döyüblər ki, öldü bilib morqa aparıblar. Bizə dedilər ki, Ziyəddin və Hüseyn əmimlə yanaşı, Kamal əmimi də öldürüblər.
İndi xəbər gəldi ki, Kamal əmim hələ ölməyib, xəstəxanadadır. Kamal əmim ürəyindən əməliyyat olunmuşdu, ürəyində stendlər var. Onu nəfəsi kəsilənə qədər döyüblər, elə biliblər öldü. Amma indi bizə məlumat gəldi ki, hələ sağdır. Hazırda atam Ayaz, əmilərim Məzahir, Kamal, Bakir həbsdədir. Onlar işgəncə altındadırlar. Atamı o qədər döyüblər ki, polis idarəsində tanıya bilməyiblər".
R.Səfərov bildirib ki, saxlanılanlar barədə onlara heç bir məlumat vermirlər:
"Dünən səhər saat 7-də aparıblar. Dünən neçə dəfə getmişik polisə, dedilər ki, burada yoxdurlar. Vəkillə getdik, yenə dedilər ki, burada yoxdurlar. Əmim oğlanları sərbəst buraxılandan sonra bildik ki, onları polis idarəsinin 5-ci mərtəbəsində saxlayıb, işgəncə verirlərmiş, amma bizi deyirlər ki, burada yoxdurlar".
O, evlərinə dəhşətli basqın zamanını belə xatırlayır:
"Dünən səhər saat 6-da (Bakı vaxtı ilə saat 5:00 - red.) evdə yatmışdıq. Bir də gördük ki, qapını dağıdırlar. Anam və bacım qışqırdı ki, qapını qırırlar. Atam məni yuxudan oyatdı ki, qapını açım. Gözlükdən çölə baxmaq istədim, gördüm ki, gözlüyü bağlayıblar, heç kim görünmür. Anam pəncərədən baxıb qışqırdı ki, 10 nəfər maskalı adamdır. Başladılar qapını qırmağa. Qapını qırdılar, girdilər evə. Girən kimi atamı vurub yıxdılar yerə.
Sonra keçdilər bizim otağa. Otaqda anam, mən və bacım idik. Bizə hücum eləyib anamın başını divara vurub yıxdılar yerə. Bacımın qolundan tutub atdılar çölə. Bacım onlara yalvardı ki, anamın başı divara dəyib, ona dərman verim. Dedilər, yox. Sonra məni yerə uzadıb, başladılar amansızlıqla döyməyə. Sonra qoluma qandal vurub qaldırdılar göyə. Qollarımı qandalda burub qırmaq istəyirdilər. Qışqırmağıma fikir vermirdilər. Ancaq soruşurdular ki, atan kimi döyüb, kimi öldürüb? Dedim ki, mənim atam heç kimi öldürməyib, mən heç nə bilmirəm. Dedilər ki, atan kriminal avtoritetlərlə əlaqədə olub.
Məni elə işgəncə ilə döyürdülər ki, nə anamın, bacımın qışqırığına, nə də mənim qışqırmağıma fikir verirdilər. Qollarım qandallı burub qaldırırdılar yuxarı. Dedilər ki, səni elə vəziyyətə salacağıq ki, atan eləmədiyi cinayəti boynuna götürəcək. Dedilər ki, ya atan cinayəti boynuna almalıdır, ya da səni ölənə qədər döyəcəyik. Təpiklə ağzıma, burnuma vururdular, qollarımı əks istiqamətə dartırdılar".
R.Səfərov deyir ki, maskalı şəxslər onu döyərkən, hətta izi də itirirdilər:
"Məni o qədər döydülər ki, ağzımdan və burnumdan dayanmadan qan gəlirdi. Sonra mənə nəm dəsmal verdilər ki, atamı və məni döydükləri yerə tökülən qanları silim. Düşünürdülər ki, onlar gedəndən sonra həmin qan izlərini çəkib paylaşaram. Ona görə də məni döyə-döyə məcbur edib yerdəki qan izlərini sildirdilər.
Sonra başladılar mənim və ailəmizin gözünün önündə atamı vəhşicəsinə döyməyə. Atamı döyə-döyə tələb edirdilər ki, desin Paşayevi tanıyıram. Atamı o qədər döydülər ki, ayaq üstə dura bilmirdi. Sürüyə-sürüyə götürüb apardılar polis idarəsinə.
Atama polisdə daha çox işgəncə veriblər. Orada atama dayanmadan elektrik cərəyanı veriblər, dırnaqlarını qırıb çıxarıblar, olmazın işgəncələr veriblər. Rusiyanın Yekaterinburqdakı diasporumuzun sədri Şahin müəllim polisə gedəndə atamı görüb, tanımayıb. O qədər döyüblər ki, atam tanınmaz halda olub.
Balaca əmimi o qədər döyüb elektrik cərəyanına veriblər ki, huşu başından gedib. Balaca əmimi azyaşlı uşaqları ilə təhdid ediblər. Əmilərimin birinin çənəsini sındırıblar, birinin 4 dişini qırıblar. Böyük əmim Akif Səfərovun evində nə qədər pul varsa, hamısını aparıblar. Akif əmimin oğlu nişanlıdır, əmim onun üçün qızıllar almışdı. Bütün qızılları yığıb aparıblar. Hamamdan qadın saç fenini götürüb qızdırıb, əmimin kürəyini və barmaqlarını yandırıblar".
Qeyd edək ki, ötən gün Rusiyanın Yekaterinburq şəhərində 50 azərbaycanlı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Hadisə nəticəsində Ziyəddin və Hüseyn Səfərov qardaşları, həmçinin onların əmisi oğlu Kamal Qədiməli oğlu Səfərov öldürülüblər. Ailənin daha iki üzvü - Ayaz Möhbalı oğlu Səfərov və onun qardaşı Məzahir Möhbalı oğlu Səfərov xəstəxanada həyatlarını itirib.