İyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində 50 azərbaycanlı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Sabah Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin saxladığı azərbaycanlıların məhkəməsi keçiriləcək.
MillətinSəsi.İnfo "Report"a istinadən xəbər verir ki, proses yerli vaxtla saat 11:00-a (Bakı vaxtı ilə saat 10:00) təyin olunub.
Bildirilib ki, FTX-nin Səfərovlar ailəsinin yaşadıqları müxtəlif ünvanlara keçirdiyi əməliyyat nəticəsində 50 nəfər saxlanılıb, onlardan ikisi 2001-ci ildə 4-5 yaşda olması əsas gətirilərək sərbəst buraxılıb.
Onu da bildirək ki, Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanlarının azərbaycanlı Səfərovlar ailəsinə qarşı keçirilən əməliyyatın bəzi detalları məlum olub.
MillətinSəsi.İnfo Lent.az-a istinadla xəbər verir ki, 2001-ci ildə şəhərin kafelərinin birində əslən Ağdam rayonundan olan Yunis adlı bir nəfərin qətlə yetirilməsi cinayəti ilə bağlı Federal Təhlükəsizlik Xidməti Rusiya İstintaq Komitəsinin əməkdaşları ilə birgə iyunun 27-də səhər saat 5 radələrində Səfərovlar ailəsinin üzvlərinin yaşadıqları 10 mənzilə basqın ediblər. Mənzillərdə olan kişilərin hamısını döyüb maşınlara mindirib polis idarəsinə aparıblar.
Polis idarəsinə aparılan zaman baş vermiş işgəncə nəticəsində iki qardaş - Ziyəddin və Hüseyn Səfərovlar həyatlarını itirib. Daha sonra qardaşların əmisi oğlu Kamal Qədimalı oğlu Səfərov da qətlə yetirilib.
Qohumlarının dediklərinə görə, idarədə onlardan 24 il bundan qabaq baş vermiş cinayəti törətdiklərini etiraf etmək tələb olunub.
Saxlanılanlardan üç nəfər - Ayaz Səfərov, Əziz Abbasov və Əhliman Gənciyev ağır vəziyyətdə 36 saylı xəstəxanaya yerləşdirilib.
Saxlanılanların Bakir Mehdi oğlu Səfərov (Azərbaycan vətəndaşı), Asif Möhbalı oğlu Səfərov, Ayaz Möhbalı oğlu Səfərov, Məzahir Möhbalı oğlu Səfərov, Məhəmməd Məzahir oğlu Səfərov və Vüqar Məzahir oğlu Səfərov olduğu bildirilib.
Sonda onu da bildirək ki, Rusiyada OMON-çular tərəfindən öldürülən Ziyəddin və Hüseyn Səfərovlarla bağlı yeni detallar məlum olub. Qardaşlar Yekaterinburqda "Kaspiy" kafesinin sahibi olublar.
Onların adı hallanan cinayət işi də bu kafenin qarşısında baş verib. Belə ki, 2001-ci ildə azərbaycanəsilli Yunis Paşayev məhz bu kafenin qarşısında mətbəx bıçağı ilə qətlə yetirilib.