Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukraynanın Rusiyaya ən azı 30 günlük atəşkəs təklifi qüvvədə qalır.
"Biz diplomatiyaya şans verə biləcək bu təklifi geri götürmürük. Lakin dünya Rusiyadan cavab görmür - yeni zərbələr istisna olmaqla, heç bir cavab yoxdur", - Zelenski vurğulayıb.
Xatırladaq ki, Putin Ukraynaya üç günlük - 8, 9 və 10 may tarixlərində atəşkəs təklif edib. Bu günlərdə Rusiyada Qələbə Günü qeyd olunur, mayın 9-da Moskvada hərbi paradın keçirilməsi planlaşdırılır, bir sıra xarici ölkə liderləri Rusiyaya səfərə gəliblər. Ukrayna rəhbərliyi Rusiyanın təklifi ilə razılaşmadığını açıq şəkildə bildirib. Kiyev ABŞ-nin dəstəklədiyi 30 günlük atəşkəs təklifində israrlıdır.
Ukrayna Prezidenti Volodimir Zelenski müraciətində mayın 7-də Rusiya səmasında dronların hücum etdiyini təsdiqləyib: “Tam doğrudur ki, Rusiya səması bütün gün narahat olub”.
Moskva və digər şəhərlərdə hava limanları pilotsuz təyyarələrin zərbə endirməsi qorxusu səbəbindən bağlanıb, 300-dən çox reys ləğv edilib, ləngiyib və ya istiqaməti dəyişdirilib. Bu, on minlərlə sərnişinə təsir edib. Moskva meri Sergey Sobyanin bütün günü Rusiya paytaxtına doğru uçan pilotsuz təyyarələrin hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilməsindən yazıb.
Onu da bildirək ki, Ukrayna müdafiə sənayesinin istehsal etdiyi “FP-1” hücum dronu 1 600 kilometrə qədər məsafə qət edə bilir və 113 kiloqramlıq döyüş başlığı daşıyır.
Yeniavaz.com “Forbes” nəşrinə istinadən xəbər verir ki, mütəxəssislər bu xüsusiyyətləri ilə “FP-1”in daha əvvəl istifadə olunan “PD-1” dronundan üstün olduğunu bildirirlər.
“PD-1”in uçuş məsafəsi təxminən 965 kilometrdir və onun döyüş başlığı “FP-1”lə müqayisədə daha yüngüldür. Yeni “FP-1” isə həm məsafə baxımından, həm də daşıdığı yük baxımından irəlidədir./
Ukrayna-Çexiya birgə müəssisəsi olan UAC “FP-1”in səmərəliliyini artırmaq üçün bir sıra texniki təkmilləşdirmələr aparıb. Ən mühüm yeniliklərdən biri odur ki, bu dron eniş şassisinə malik deyil. “FP-1” raket buraxılış sistemi vasitəsilə havaya qalxır və bu da onun daha az çəki ilə daha uzaq məsafəyə uça bilməsinə şərait yaradır.
“FP-1” rəsmi şəkildə Kiyevdə keçirilən sərgidə təqdim olunub. Onun istehsalına ötən il başlanılıb və dron artıq real döyüş əməliyyatlarında iştirak edib.
Hazırda Ukrayna uzaq məsafəli hədəflərə – o cümlədən Rusiya ərazisindəki hava bazalarına və neft emalı zavodlarına – müntəzəm zərbələr endirmək qabiliyyətinə malik dron arsenalı formalaşdırır. Bu arsenalda yer alan “A-22” tipli idman təyyarələri pilotsuz aparatlara çevrilərək döyüşlərdə istifadə olunur. Lakin onların hər biri 80 min dollardan baha başa gəlir və məhdud uçuş məsafəsinə malikdir.
Mütəxəssislərin fikrincə, “FP-1”in qiyməti 100 min dolları keçə bilər, lakin onun uçuş imkanları “A-22” ilə müqayisədə daha üstündür. Şassi hissəsinin dron gövdəsindən çıxarılması həm aerodinamik səmərəliliyi artırıb, həm də əlavə yer qazandırıb.
Qeyd edilir ki, “FP-1” bir dəfəlik istifadə üçün nəzərdə tutulub – yəni o, hədəfə çırpıldıqdan sonra partlayır və geri qayıtmır. Bu səbəbdən, o, paraşütlə təchiz edilmir və təkrar istifadəyə yararlı deyil.