Mingəçevir Dövlət DramTeatrının baş rejissoru Vüsal Mehrəliyevlə teatrın direktoru Anar Quliyev arasında gərginlik yaranıb.
Sosial şəbəkələrdə yayılan məlumata görə, baş rejissor direktora ştatda 10-12 nəfər "ölü can" olduğunu bildirib və onların ştatdan çıxarıb yerinə peşəkar aktyorların dəvət olunmasını tələb edib. Anar Quliyev isə baş rejissora Mədəniyyət naziri Anar Kərimovun və nazirliyin rəhbər heyətnin bundan xəbərdar olduğunu və şəxsən nazir Anar Kərimovun icazə verdiyini bildirib.
Məsələ ilə bağlı Mingəçevir Dövlət Dram Teatrının direktoru Anar Quliyev Yenisabah.az-a açıqlama verib. O, ittihamların əsassız olduğunu bildirib: “Yazılanların hardan qaynaqlandığını məlum deyil. Teatrda yaradıcı işlər davam edir. Yeni tamaşaların məşqləri gedir. Baş rejissorla münasibətim yaxşıdı. Direktor və baş rejissor kimi bir-birimizi başa düşürük”.
Direktor teatrda "ölü canlar"ın olması və nazirliyin bundan xəbərdar olmasıyla bağlı deyilənləri təkzib edib:
“"Qəti olaraq, deyirəm ki, rəhbəri olduğum teatrda "ölü canlar" məsələsi yoxdur və ola bilməz. Mən cənab nazirin adından istifadə edib, özbaşınalıq edə bilmərəm. Burada məsələ odur ki, deyilən 10-12 adam teatrda aktyor ştatında qeydiyyatdadır, lakin işçi kimi teatrın sexində çalışır, yaxud dekorasiya işləri ilə məşğuldur və yaxud tamaşanın hazırlanması üçün lazım olan digər sahələrdə fəaliyyət göstərirlər. Bu proses isə bütün dünya teatrlarında var. Yekun olaraq sizi əmin edirəm ki, "ölü canlar" məsələsi yoxdu və mənlə baş rejissor arasında problemim yoxdu”.
Turan ETİBAROĞLU