Salyan rayonunun Salman Cəfərov adına Yenikənd tam orta ümumtəhsil məktəbi yararsız haldadır.
Bu barədə “Qafqazinfo”ya kənd sakinləri müraciət ediblər.
Onların sözlərinə görə, övladlarını hər gün acınacaqlı vəziyyətdə olan təhsil ocağına qorxaraq yola salırlar. Belə ki, əsaslı təmir görməyən məktəbin divarları və tavanı hər an çökə bilər.
Valideynlər deyir ki, məktəbin sanitar qovşaqları istifadəyə yararsızdır, divarlar nəmişlikdən çat verib: “Bundan başqa təhsil ocağının pəncərələri qırılıb, döşəməsində isə çürüdüyü üçün yırtıqlar yaranıb. Yenikənd məktəbində yalnız divarlar, pəncərələr və tavan yox, elektrik xətləri də təhlükə saçır. Məktəbin həyəti də içi qədər bərbad vəziyyətdədir. Yağış yağan kimi həyət palçıqlı su çuxurlarına çevrilir. Şagirdlər dərsə gəlmək üçün bu çuxurlardan keçməyə məcbur olurlar”.