>

IV qrup üzrə 600-dən yuxarı bal toplayan 10 abituriyent müsabiqədən kənarda qalıb

 22-08-2025

 Dövlət İmtahan Mərkəzi 2025/2026-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini elan edib.

Ali təhsil müəssisələrinin müsabiqəsində 88756 nəfər iştirak edib.

Onlardan 57236 nəfəri (o cümlədən 6461 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27956 (o cümlədən 1728 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 29280 (o cümlədən 4733 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, bu il IV qrup üzrə imtahanda 600-dən yuxarı bal toplayan 10 abituriyent müsabiqədən kənarda qalıb.

Bildirilib ki, səbəb onların ərizələrində məhdud sayda ixtisas kodu göstərməsidir. Nəticədə yüksək nəticə göstərmələrinə baxmayaraq, seçim imkanlarının azlığı onların qəbul şansını məhdudlaşdırıb.

Bundan başqa, Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlər 28 avqust – 8 sentyabr (saat 18:00-dək) tarixlərində portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

Qeyd olunub ki, abituriyentlər qeydiyyat prosesi ilə bağlı məsələləri portal vasitəsilə dəqiqləşdirə bilərlər.

Bənzər yazılar

0.069388866424561