"Hadrutda yeni məscidimiz inşa olunur. Artıq tamamlama işləri gedir. Bizim onlarla məscidimiz acınacaqlı vəziyyətdədir. Erməni vandalları oğurlayıb talaya bilmədikləri məscidlərdə acıqlarını daşlardan çıxıblar".
Bu fikirləri Oxu.Az-a açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
O bildirib ki, Ağdamın Qiyaslı məscidində tamamlama işləri gedir: "Qiyaslı məscidi tamamilə dağıdılmışdı. Söhbət təkcə islam abidələrindən getmir. Digər dinlərə məxsus mədəniyyət abidələrimiz də vandalizmə məruz qalıblar. Həm Xocavənd, həm də Ağdərə rayonunda rus kilsələri dağıdılıb.
Hazırda Ağdam, Füzuli və Xocavənd rayonlarında minalardan təmizlənmiş sahə orta hesabla 40% təşkil edir. Ağdam rayonunda təmizlənmə təxminən 50 faiz, Füzuli rayonunda 60 faiz təşkil edir".
O qeyd edib ki, Xocavənddə ərazinin yalnız kiçik bir hissəsi minalardan təmizlənib. E.Hüseynov bildirib ki, Ağdam, Füzuli və Xocavənddə mədəni və tarixi abidələrin bərpası, dirçəldilməsi işləri ilə bağlı beşmərhələli proses izlənilir: "Əvvəlcə hər şey baş plan və layihələndirmə ilə başlayır. Biz bütün əsas mərkəzlər üçün baş planlar hazırlamışıq".