Bakı şəhər sakini Ayan Məmmədova (ad və soyad şərtidir) Səbail Rayon Məhkəməsi tərəfindən barəsində çıxarılmış qərardan apellyasiya şikayəti verib.
“Kriminalqafqaz”ın məlumatına görə, o bildirib ki, bu ilin mayına küçədə ərəb turistlə getdiyi üçün cərimələnib və çıxarılan qərar əsassızdır.
"Axşam saat 23:42 radələrində Nizami küçəsində mən, bacım və bir nəfər əcnəbi şəxs gəzirdik. Biz əslində ona bələdçilik edirdik. Bu zaman Post Patrul Xidmətinin əməkdaşları üstümüzə hücum çəkərək bizi məcburi şəkildə polis bölməsinə apardılar. Bölmədə bizə bildirdilər ki, 10 gündür qərar qəbul olunub ki, küçədə ərəblə gəzmək qadağandır, rəisin təlimatına əsasən ərəblə gəzən hər kəsi tuturlar. Bu mənim şəxsiyyətimi alçaldılmaq məqsədi ilə atılan qanunsuz addımdır. Mən ingilis dilini bilirəm, müvafiq sertifikatım da var və uzun müddətdir ki, bələdçilik və tərcüməçiliklə məşğul oluram. Haqqımda çıxarılan qərar saxtadır”, - deyə şikayətdə qeyd olunub.
Qeyd edək ki, Səbail Məhkəməsi A.Məmmədova barəsində İnzibati Xətalar Məcəlləsinin 524-cü (Fahişəliklə məşğul olma) maddəsi ilə yazılmış protokolu təmin edib və o, 100 manat cərimə olunub. Bakı Apellyasiya Məhkəməsi də qərarın əsaslı olduğu qənaətinə gələrək, A.Məmmədovanın şikayətini təmin etməyib.