Son zamanlar, antibiotiklərin yanlış istifadəsi, əməliyyatlar zamanı yaranan komplikasiyalar və inyeksiyaların səhv tətbiqi nəticəsində şoka düşən və həyatını itirən insanların sayı artıb.
Buna misal olaraq əlindəki ziyili götürmək üçün Gəncə Şəhər Beynəlxalq Xəstəxanasına müraciət edən gənc xanımın vəfatı, İmişlidə dörd yaşlı uşağın inyeksiyadan şoka düşərək ölməsi, Bakıda antibiotikdən şok keçirərək həyatını itirən yaşlı qadını göstərmək olar.
Antibiotiklərə qarşı yaranan müqavimət, səhiyyə sistemindəki çatışmazlıqlar və həkimlərin bəzən məsuliyyətsiz yanaşmaları, tibbi prosedurların düzgün aparılmaması belə faciələrə səbəb olan amillərdəndir.
Mövzu ilə bağlı professor Adil Qeybulla Bizim.Media-ya danışıb.
Onun sözlərinə görə, şok insan orqanizminin ekstremal bir vəziyyətidir.
“Bu, əslində həyatla ölüm arasında duran kəskin durumdur. Şok bir neçə situasiyadan qaynaqlana bilir: ağır travmalar, aşırı dərəcədə ağrılar, ürək ağrıları, həddən artıq qan itirmələri, qanaxma və s.
Allergik reaksiyalardan qaynaqlanan şok halı isə anafilaktik şok adlanır. Bu, orqanizmdə bioloji aktiv maddələrin istehsalı ilə hər hansı qıcıqlandırıcı bir amilə qarşıdır və ciddi dəyişikliklərə gətirib çıxarır.
Sözügedən şok növü müxtəlif dərmanlar, preparatlara qarşı baş verir. Bundan başqa toksiki infeksion şoku da mövcuddur. Ümumiyyətlə şok qəflətən baş verir və dərhal həyata keçiriləcək tədbirlər tələb edir. Təəssüf ki, biz bir çox hallarda ölüm faktı ilə nəticələnir”,-deyə o fikrini yekunlaşdırıb.