"Bəzi abituriyentlər imtahanlarda onlara təqdim olunan sual kitabçalarına öz mobil nömrələrini, qeyd əvəzinə isə "hörmət edəcəyəm" yazırlar".
MillətinSəsi.İnfo xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlərlə iş şöbəsinin müdiri Aydın Qasımov deyib.
DİM rəsmisi bildirib ki, abituriyentlər belə yazaraq tapşırıqdan müsbət bal alacaqlarını düşünürlər: "Amma yoxlama zamanı əlbəttə ki, həmin tapşırıq üçün bal yazılmır. Həm sürətli, həm keyfiyyətli, həm də ucuz yoxlama sistemi qurmaq mümkün deyil. Əsas keyfiyyətə önəm verərək yoxlama işlərini təşkil edirik".
A.Qasımov süni intellektlə yazı işlərinin yoxlanılması təklifi ilə bağlı bu fikirləri səsləndirib:
"Bu məsələ beynəlxalq arenada həllini tapmayıb. Bir-iki beynəlxalq təşkilat bunu edir, amma nəticədə qərarı marker verir. Süni intellektin cavabları yoxlamasının elmi mövqedən etibarlılığı təsdiqini tapmalıdır. Bizim əməkdaşlar tərəfindən də bunun üzərində işləyən şəxslər var, amma sözügedən praktikaya zaman lazımdır.
Markerlərin yol verdiyi səhvlərin auditi aparılır. Yoxlama prosesi gedə-gedə markerin səhvi aşkarlanarsa, onun yoxlama prosesi dayandırılır. Əgər markerin rahat işdə səhvi özü ilə bağlıdırsa, müzakirə edildikdən sonra işi bərpa olunur. Amma mübahisəli məsələlərlə bağlı bunu deyə bilmərik".
A.Qasımov qeyd edib ki, hər bir markerə ödəniş fənnə görə dəyişir:
"6 aylıq dövr ərzində yoxlama aparan müəllimlərə daha çox ödəniş edilir. Amma yazı işləri az olan müəllimlərə sözsüz ki, ödəniş az olur. Tapşırıqlar sərf olunan vaxta və həll mərhələlərinə görə kateqoriyalara bölünür. Cavabı yalnız bir söz olan yoxlamaların vaxtı az olur. 4-5 sözdən ibarət cavabı olan tapşırıqlara daha çox vaxt sərf olunur. 5 kateqoriya üzrə ödəniş mövcuddur".
O əlavə edib ki, bir tapşırıq üzrə cavab bir sözdürsə, ödəniş 8 qəpikdir, cavabı 3-4 sözdən ibarət olan və vaxt alan tapşırıq üzrə markerə 50 qəpik ödənilir.