Qohum evliliklərinə qadağa qoyulması nikahsız yaşayanların sayını ARTIRACAQ?

 29-03-2025

Xəbər verildiyi kimi bu ilin iyul ayından yaxın qohumlar arasında nikah qadağan olunacaq. 

Bunu ədliyyə nazirinin müavini Abiddin Hüseynov “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ailə, qadın və uşaq hüquqları – konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda ictimai dinləmədə deyib. 

Nəzərə alsaq ki, xalq arasında yaxın qohumla, məsələn, bibiqızıyla dayıoğlunun və yaxud xalaqızıyla xalaoğlunun və s evlənməsi geniş yayılıb. Buna görə də bu qadağadan razı olanlarla yanaşı, narazı olanlar da var. 

Maraqlısı budur ki, qadağanın qüvvəyə minməsindən sonra nələr dəyişəcək?

Məsələn, nigahsız yaşayanların sayı arta bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən sosioloq  Elçin Bayramlının sözlərinə görə yaxın qohumların evliliklərinin qadağan edilməsiylə qeyri-rəsmi nigahla yaşayanların, o cümlədən, başqa ölkəyə gedib, evlənənlərin sayı artacaq:

“Bu min illərlə formalaşmış bir ənənədir. Belə prosesləri qısa müddətdə aradan qaldırmaq çox çətindir. Məsələnin uzun müddət maarifləndirmə yolu ilə  həll edilməsinə çalışıldı. Təcrübə göstərdi ki, bu, effektiv olmur, buna görə də qanuni yolla həllinə cəhd olunur. Yenə də əksəriyyət bununla razılaşmır, normal qəbul etmir”.

Müsahibimiz deyir ki,  formalaşmış ənənələr, stereotiplər, yanaşmalar var ki, onların qəfildən dəyişdirilməsi çox çətindir. Buna görə də insanlar bəzi yollar tapmağa çalışacaqlar:

“Bəzən qeyri-rəsmi nigah formasında və yaxud xarici ölkəyə gedib, orada nigah bağlayıb, qayıtmaq kimi üsullardan istifadə edənlər olacaq. Son dövrlərdə bu hallar sürətlənib, vaxta az qaldığı üçün insanlar sürətlə toy edib, evlənirlər. Bu bir baxımdan insan hüquqlarıyla ziddiyyət təşkil edir, bir tərəfdən isə həm mənəvi, həm də bioloji baxımdan fəsadlar yaradır. Bunu tənzimləmək çox çətindir. Məsələnin həlli  təkcə maarifləndirmə və yaxud inzibati yolla olmur, hər iki istiqamətdə proseslər aparılmalı, insanlara mənfi tərəflər izah olunmalıdır”.

Elçin Bayramlı vurğulayır ki, normalda əmiqızı, bibiqızı oğlanlar üçün bacı sayılmalıdır. Hətta ruslarda bu ikinci bacı, ögey bacı statusları kimi ifadə olunur:

“Bəzən isə iki nəfər bir-birini ürəkdən sevir, onların evlənmə hüququ olsa da, buna qadağa qoymaq da problem yaradır. Ən yaxşısı budur ki,  ailələrdə uşaqlıqdan xalaqızının, dayıoğlunun və s..-nin bacı-qardaş olduğunu təlqin etməkdir”.

Bənzər yazılar

0.059706926345825