Ərzaq idxalında KƏSKİN ARTIMQidaların əsas hissəsi niyə xaricdən ALINIR?

 28-03-2025

Son 5 ildə ölkəmizə idxal olunan ərzaq məhsulların həcmi sürətlə artır. Rəsmi məlumatlara görə ötən il ölkəyə 2 milyard 474 milyon 815 min 900 ABŞ dolları dəyərində yeyinti məhsulları idxal edilib ki, bu da, 2023-də qeydə alınan analoji göstəricidən 315 milyon dollar çox deməkdir.

Ümumiyyətlə, 2024-də idxalı artan məhsullar sırasında ət dəyəri 86.7 milyon dollardan 129.6 milyon dollara, kərə yağı və süddən hazırlanmış digər yağlar 92.4 milyon dollardan 173.6 milyon dollara, meyvə-tərəvəz 230 milyon dollardan 282 milyon dollara, düyü 50.1 milyon dollardan 66.1 milyon dollara, bitki və heyvan mənşəli piylər və yağlar isə 184 milyon dollardan 226.5 milyon dollaradək yüksəlib.

Bəs, bu tendensiya hansı risklər yaradır?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan REAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, Azərbaycandakı ərzaq məhsullarının 70-75 faizi idxal edilir:

“Bu tendensiya uzun zamandır davam edir və xaricdən alınan ərzaq məhsullarına ödənilən valyutanın həcmi ilbəil artır.Bu da onunla bağlıdır ki, yerli tələbat təbii resurslar hesabına ödənilmədikdə xaricdən asılılıq yaranır. Bunun ərzaq təhlükəsizliyi ilə birbaşa əlaqəsi yoxdur. Bilirsiniz ki, ərzaq təhlükəsizlik konsepsiyasının əsasını buğda təşkil edir. Burada da vəziyyət nisbətən yaxşıdır. Çünki ölkədəki taxıl anbarlarında bir qayda olaraq 280 günlük ərzaqlıq buğda ehtiyatı saxlanılır. Bu mənada müəyyən dərəcədə sığortamız var.

Digər tərəfdənsə əhalinin ərzaq məhsullarına olan ehtiyacının 70-75 faizinin idxal hesabına ödənilməsi kifayətqədər narahatedici və təhlükəli məsələdir. Bu ilk növbədə bahalaşmaya yol açır. İkinci tərəfdənsə külli miqdarda valyuta xaricə axır və ən nəhayət yerli istehsal boğulur”.

İqtisadçı ekspert Eldəniz Əmirov isə məsələ ilə bağlı bunları deyib: 

“Gündəlik tələbat mallarının və ərzaq məhsullarının qiymətləri orta inflyasiya səviyyəsindən adətən yuxarı səviyyədə olur. İnflyasiya səviyyəsinin ölçülməsi üçün istifadə edilən məhsullardan yüzlərlə məhsul var ki, bunların bir qismindən insanlar daha çox istifadə edir. Bunlarda da bahalaşma daha yuxarı səviyyədə olur.

Məhsulların bahalaşmasının bir neçə obyektiv və subyektiv səbəbi var ki, bunların birincisi dünyada baş verən qlobal inflyasiyadır, daha sonra iqtisadi böhran, postpandemiya prosesində yaranmış problemlər, o cümlədən, Rusiya-Ukrayna müharibəsindən dolayı yaranmış iqtisadi situasiyalardır. Bütün bunlar ciddi şəkildə ərzaq məhsullarının qiymətlərinin bahalaşmasına gətirib çıxarıb.

Bunun üzərinə yerli amillər də gəldikdə artıq ölkələrin özündə bahalaşma müşahidə edilir. İqtisadiyyatı idxaldan asılı olmayan ölkələrdə belə inflyasiya son 30-40 ilin ən yuxarı səviyyəsindədir. Amma bununla belə həmin ölkələrdə olan inflyasiya  az inkişaf etmiş olan ölkələrdən kifayət  qədər aşağı səviyyədədir. Ən əsas da istehsal prosesində lazım olan xammalların idxalının baha olması nəticədə yerli istehsalın baha formalaşmasına gətirib çıxarır”.

Bənzər yazılar

0.062405824661255