Tovuzda ananın evdə günlərlə tək qoyduğu körpənin vəziyyəti AĞIRDIR

 27-03-2025

2024-cü il təvəllüdlü azyaşlı martın 25-də Tovuz Rayon Mərkəzi Xəstəxanasından Respublika Pediatriya Mərkəzinin nəzdində olan Nizami Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına təxliyə olunub. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.

Bu barədə Oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Qeyd edilib ki, martın 17-də saat 21:20-də 2024-cü il təvəllüdlü azyaşlı polislər tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib:

"Daxil olarkən körpəyə susuzlaşma, susuzluğun təsirindən yaranan əzginlik, süstlük, raxitlik, ağır dərəcəli inkişaf etaplarının ləngiməsi diaqnozları təyin edilib və zəruri tibbi yardımlar göstərilib".

"Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə deyib ki, Tovuzun Yuxarı Öysüzlü kəndində valideyni tərəfindən evdə tənha buraxılan uşaq uzun müddət ac qaldığına görə orqanlarında müəyyən problemlər yaranıb, hazırda vəziyyəti ağırdır.

O bildirib ki, azyaşlıda bağırsaq keçməzliyi yaranıb:

"Uşaq hazırda reanimasiyada müalicə alır. Həkimlər onun vəziyyətinin yaxşılaşması üçün çalışırlar. Onlar uşağa yaxşı baxırlar, 24 saat nəzarətdə saxlayırlar. Həkimlə danışdım, azyaşlının vəziyyəti ağır olduğu üçün bu yaxınlarda xəstəxanadan buraxılması gözlənilmir".

"1 yaş 2 aylıq uşaq 5 kiloqramdır. Hazırda onu körpə yeməkləri ilə qidalandırırlar", - deyə K.Ağazadə qeyd edib.

Xatırladaq ki, 17.03.2025-ci il tarixində saat 21:20 radələrində 2024-cü il təvəllüdlü azyaşlı polislər tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib. Daxil olarkən körpəyə susuzlaşma, susuzluğun təsirindən yaranan əzginlik, süstlük, raxitlik, ağır dərəcəli inkişaf etaplarının ləngiməsi diaqnozları təyin edilib və zəruri tibbi yardımlar göstərilib.

Qeyd edək ki, Tovuz rayon Polis Şöbəsinə kənd ərazisində yerləşən mənzillərin birində valideyni tərəfindən tənha buraxılan azyaşlının olması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları sözügedən ünvana gediblər və orada 1 yaş 2 aylıq oğlan uşağının olmasını aşkarlayıblar.

Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində evdə tək qalan körpə anaya qaytarılmayıb, Bakıya gətirilən körpə dövlət uşaq müəssisəsinə yerləşdiriləcək.

 

Bənzər yazılar

0.061536073684692