Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.
“MillətinSəsi.İnfo” xəbər verir ki, dövlət başçısı və birinci xanım burada görülmüş işlərlə tanış olub, yerli icra strukturları üçün inşa olunmuş çoxfunksiyalı inzibati binanın açılışını ediblər.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sarıcalıda inşa olunmuş fərdi evlərdə yaradılan şəraitə baxıb, körpələr evi-uşaq bağçası və tam orta məktəb binasının açılışlarında iştirak edib, yeni mənzillərə köçən sakinlərlə görüşüb və onlara evlərin açarlarını təqdim ediblər.
Prezident İlham Əliyev Ağdamın Sarıcalı kəndində yeni mənzillərə köçən sakinlərlə görüşdə çıxışında bildirib ki, ikinci Qarabağ müharibəsi təbii olaraq, tarixdə bizim şanlı tariximiz kimi, şanlı səhifəmiz kimi əbədi qalacaq.
Müharibə zamanı Ağdam istiqamətində fəal hərbi əməliyyatların keçirilmədiyini vurğulayan dövlət başçısı qeyd edib:
“Çünki düşmən güclü istehkamlar qurmuşdu və hər tərəf minalanmışdı. Ona görə biz Ağdam istiqamətində artıq Hadrut, Cəbrayıl, Füzuli, Şuşa azad olunandan sonra hərəkət etməyə başlamışdıq və faktiki olaraq düşmənin qüvvələri mühasirədə qalmışdı. Azərbaycan yenə də humanistlik göstərdi və düşmənə şans verdi ki, öz xoşu ilə bu torpaqlardan çıxsın”.