"Azərbaycan tərəfi hazırda Ermənistanın Konstitusiyasında müvafiq dəyişikliyin edilməsi ilə suveren ərazilərimizə 90-cı illərdən mövcud olan iddiaların çıxarılması və Minsk qrupunun ləğvini gözləyir. Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması üçün məkanın müzakirəsi hələ tezdir".
MillətinSəsi.Info xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov jurnalistlərin suallarını cavablandırarkən bildirib.
O bildirib ki, hər iki dövlət sonuncu məsələ ilə bağlı ATƏT-ə müraciət edə bilər:
"Azərbaycan tərəfi münaqişənin həll edildiyini nəzərə alaraq bu barədə təklif irəli sürüb. Təəssüf ki, Ermənistan tərəfi bu günə kimi birgə müraciətə qoşulmur. Ümid edirik ki, Ermənistan real niyyəti barədə bizə məlumat verəcək. Ermənistandakı revanşist qüvvələrin fəaliyyətini nəzərə alaraq bunu ciddi risk hesab edirik".
Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov onu da bildirib ki, Azərbaycanla sərhəddə Avropa İttifaqının kəşfiyyat fəaliyyəti göstərən missiyasının qalmağa davam etməsi Cənubi Qafqazda sabitliyə təhdidlər formalaşdırır.
O bildirib ki, bölgədə davamlı sülhün bərqərar olması üçün bu faktorların aradan qaldırılması vacibdir: "İki dövlət arasında sülh sazişi üzrə layihədə razılaşdırılmayan iki bənd qalmışdı. Onlardan biri sərhəddə üçüncü qüvvələrin olmaması idi ki, Ermənistan da bunu qəbul edib".
Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib ki, hazırda dəyişən dünyada ənənəvi dəyərlər pozulmaqdadır: "Biz öz sərvətlərimizə, geosiyasi mövqeyimizə əsaslanaraq diplomatik addımlar atırıq. Bəzi hallarda hətta nizamnamələrə belə sığmayan vəziyyət müşahidə olunur. Biz bilməliyik ki, qonşularımızdan nələri gözləyirik. Müstəqil qərar qəbul etmək və milli maraqları əsas götürmək mütləqdir. İqtisadi müstəqillik də qərar qəbul etməkdə mühüm rol oynayır".