Aqil Abbas üzr istədi: "Haqlısınız, deməməli idim"

 04-02-2025

Deputat Aqil Abbasın Milli Məclisin fevralın 3-də keçirilən plenar iclasında etdiyi çıxış müzakirələrə səbəb olub. O, "arvad boğuşması" ifadəsini səsləndirməsinə görə Milli Məclisin sədri Sahibə Qafarovanın iradına tuş gəlib.

Milli Məclisin spikeri Sahibə Qafarova Aqil Abbasa irad bildirərək, "arvad boğuşması, arvad davası, bu, parlament sözüdür?" - deyə soruşub.

MillətinSəsi.İnfo xəbər verir ki, Globalinfo.az-a danışan Aqil Abbas spikerin haqlı irad bildirdiyini qeyd edib:

"Əslində, Sahibə xanım düz deyir. İradı normal qəbul edirəm. Doğrudan da, o söz parlamentdə deyilməli deyildi. Sadəcə, çıxış zamanı fikrimi yazıçı kimi dilə gətirmişəm. Mənim o sözümü təhqir bilənlərdən üzr istəyirəm".

Xatırladaq ki, "arvad" sözü vaxtaşırı narazılığa, tənqidə səbəb olur. Dünən Milli Məclisin iclasında deputat Aqil Abbas deyib ki, televiziyalarda bu gün arvadların boğuşması və həkimlərin reklamı daha çox yayımlanır.

O deyib ki, buna əncam çəkmək lazımdır: "Düzdür, bu, televiziyalara zərər vuracaq, çünki onlar bu gün iki məsələdən daha çox qazanırlar. Amma "Reklam haqqında" qanuna dəyişiklik edilməlidir ki, bu məsələ həll edilsin".

Milli Məclisin spikeri Sahibə Qafarova onun fikirlərinə isə irad tutub və bildirib ki, "arvad boğuşması" parlament ifadəsi deyil.

 

Bənzər yazılar

0.05801796913147