“Bizim bugünkü gəncliyimiz sağlıam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir”. Heydər Əliyev
Yaşadığımız cəmiyyətin gələcəyi gənclərdir. Əgər cəmiyyətin əsas təbəqəsi gənclərimizdirsə, deməli inkişaf da məhz onlarla birlikdə irəliləyir. Gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin böyük əməyi, misilsiz xidmətləri var.
Ulu Öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tuturdu. İctimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində sistemli islahatlar həyata keçirən böyük öndərimiz bütün bu proseslərdə gənclərin roluna xüsusi fikir veriridi.
Ulu öndər Heydər Əliyev ölkədə gənclərin siyasətinin düzgün aparılmasını çox vacib və önəmli hesab edərək söyləyirdi: “Mənim üçün ən əziz nemət Azərbaycan uşaqlarıdır, Azərbaycan gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”.
Hər zaman gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədi ilə, gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəldilən, onların qabiliyyətlərinin inkişaf etmələrinə kömək edən fərman və sərəncamlar imzalamışdır. Qanunlar, fərman, sərəncam və dövlət proqramları gənclərimizin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına çox böyük müsbət təsir etmişdir.
Bu gün cəmiyyətimizin əsas hissəsini təşkil edən Azərbaycan Ordusu sıralarında Vətənimizin müdafiəsi kimi müqəddəs vəzifəni böyük qürurla yerinə yetirən şəxsi heyətin böyük əksəriyyətini gənclər təşkil edir. Gənclərimizin Vətən torpağımızın müdafiəsi uğrunda mübarizəyə hazır olmasını göstərməsi, gənclərə olan münasibətdə Heydər Əliyev kursunun, ilham Əliyev siyasətinin təntənəsidir.
Hazırki gənclərimiz Heydər Əliyevi görə bilməsə də onun haqqında yaranan təsəvvürləri Müzəffər Liderimizdə, Azərbaycan tarixinə adını Şuşa fatehi kimi qızıl hərflərlə həkk edən İlham Əliyevlə görür. İlham Əliyev 44 günlük müharibə dövründə verdiyi bütün müsahibələrdə təkcə dövlət başçısı olaraq deyil, həm də Heydər Əliyevin adından tarixi dərs verdi. Heydər Əliyev qurucusu olduğu Azərbaycan indiki Lideri, ordusu və gəncləri ilə daha da güclüdür.
Bu gün Azərbaycan yeni tarixinə başlayıb. Beynəlxalq layihələr, əməkdaşlıq, yeni yolların açılması bizi tamam fərqli bir Azərbaycan edir. Və bu günün gəncliyi vətənpərvər, sağlam ruhlu, özünə inamlı, mübariz gənclikdir. Azərbaycan gəncliyi hər zaman dövlət başçısının iqtisadi-siyasi, mədəni arenadakı siyasi fəaliyyətini birmənalı dəstəkləyir.
Sahilə Rafiq qızı İbrahimova
ADPU-nun Filologiya fakültəsi, Müasir Azərbaycan dili kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru