“Müharibə zamanı qanunsuz erməni silahlı birləşmələrinin komandirlərinin, onların əsgərlərinin telefon nömrələri bizə bəlli idi. Onlar bizim bir çox kibermüdaxiləmizi görüb bunun nəticələrindən sarsıldılar. Buna görə də interneti kəsdilər və yalnız SMS vasitəsilə məlumatlanırdılar”.
MillətinSəsi.info-nun məlumatına əsasən, bu barədə İTV-də yayımlanan “Görünməyən qəhrəmanlar – DTX” sənədli filmində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşı bildirib.
“Biz erməni komandirlərin adından bütün əsgərlərə erməni dilində hərbi əmr göndərdik. Səhərə yaxın saat 4-də erməni dilində göndərdiyimiz mesajda belə yazılmışdı: “Dörd yolda toplanın və təzə əmr gələcək. Konfidensiallıq baxımından əmr açıqlanmır”, - deyə DTX nümayəndəsi əlavə edib.
O qeyd edib ki, ermənilər deyilən zamanda həmin məntəqəyə toplaşıblar:“Bundan sonra pilotsuz uçuş aparatlarımız hərbi əməliyyatları yerinə yetirdi. Müharibədən öncə Azərbaycanın işğal olunmuş ərazilərində Livandan və digər yerlərdən gətirilmiş sakinlər yerləşdirilmişdi. Onların siyahısı Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) bəlli idi. Onlara elektrik enerjisini günəş panelləri vasitəsilə verirdilər. Təxminən 900-950 mənzil bu vasitə ilə elektrik enerjisi ilə təmin edilirdi”.
Üzü görünməyən DTX əməkdaşı qeyd edib ki, Vətən müharibəsi başlayanda DTX həmin mənzillərə verilən enerjini kəsməyə nail olub.
“Onlar hiss etdi ki, Azərbaycandan ciddi müdaxilələr var və kiberhücumlar nəticə verir. Livandan köçmüş ermənilər, Suriyadan gətirilmiş ermənilər, erməni əsilli şəxslərlə ailə qurmuş şəxslər – bizdə bunların siyahısı var idi. Biz müharibə dövründə milli orduya siyahı vermişdik. Yəni həmin siyahı üzrə əsir düşən olsa, onlar bilsinlər ki, həmin şəxslər xaricdən gəliblər və muzdlu döyüşçülər ola bilərlər”, - deyə qeyd olunub.
DTX nümayəndəsi bildirib ki, müharibə zamanı Ermənistan 14-15 yaşlı yeniyetmələri də qanunsuz silahlı birləşmələrə cəlb edib: “Biz bunu sənədlərlə təsdiq etmişdik. Bu sənədlər Ermənistanın hərbi səfərbərliyinin çağırış siyahısında var idi”.