Ermənistanla sülh müqaviləsi ilə bağlı danışıqlarda yekun razılaşma yoxdur.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, sülh müqaviləsi layihəsi preambuladan və 17 maddədən ibarətdir:
"Preambula və 15 maddə üzrə mətnlər tam razılaşdırılıb. İki maddə üzrə isə açıq suallarımız var. Hazırda açıq suallar üzrə danışıqlar davam edir. Ancaq hələ ki razılığa gəlmək mümkün olmayıb".
Nazir həmçinin xatırladıb ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları mövcuddur:
"Biz Ermənistandan bu istiqamətdə qətiyyətli addımlar gözləyirik. Son zamanlar Ermənistan tərəfinin gətirdiyi arqumentlər bizi qane edə bilməz".
Ceyhun Bayramov onu da deyib ki, Azərbaycan ictimaiyyətinə yaxşı məlumdur ki, Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddiaları var.
“Bununla bağlı Ermənistandan qətiyyətli addımlar gözləyirik. Son zamanlar bizim Ermənistan tərəfindən eşitdiyimiz arqumentlər isə bizi qane edə bilməz. Bu yaxınlarda Ermənistan Konstitusiya Məhkəməsinin növbəti qərarı bu işi daha da mürəkkəbləşdirib. Digər sözlə, qərarda Ermənistan Konstitusiyasının preambulasının dəyişməz olduğu, xüsusi olaraq preambulaya toxunmağın mümkün olmaması qeyd edilib. Bu, məsələni daha da mürəkkəbləşdirir. Çünki preambulada Ermənistan Müstəqillik Aktına istinad var və o sənəd də Azərbaycanın ərazi bütövlüyü və suverenliyini pozur. Bu qərar vəziyyəti daha da mürəkkəbləşdirir”.