Sentyabr gələndən hər kəsdə bir ayrı təlaş olur. Yeni dərs ilinin başlamasına sayılı günlər qala valideynlərin məktəb alış-verişləri, müəllimlərin qarşıdan gələn uzun tədris ilinə hazırlıqları və ilk dəfə məktəbə qədəm qoyacaq uşaqların sevinci...
İstər şəhər, istərsə də kəndlərdə kənardan göz oxşayan, ən müasir avadanlıqlarla təchiz edilərək inşa edilmiş və ya təmir olunmuş məktəb binaları bu günlərdə tam hazır vəziyyətə gətirilir.
Bir neçə gündən sonra uşaqlarla dolu olacaq məktəb yollarının təəssüf ki, bəziləri misralarda qeyd olunan aran-dağ yollarından seçilmir. Tozlu, təmirsiz, çala-çuxur...
Hər il olduğu kimi bu il də Neftçala rayon İkinci Qaralı kəndinin məktəbliləri dağ yolunu xatırladan bu yoldan keçərək yeni tədris ilinə başlayacaq. Məktəbin şagird və müəllim kollektivi illərdir bu yoldan bezar olduğunu deyir. Bizim.Media-ya şikayətlərini çatdıran İkinci Qaralı kəndinin uşaqları yollara bir əncam çəkilməsini istəyirlər.
“Daşlı-kəsəkli məktəb yolunu getmək qocaltdı məni”
İkinci Qaralı Kənd Tam Orta Məktəbinin təqaüddə olan müəllimi Əlibala Rəcəbovun sözlərinə görə hər gün yüzlərlə şagird və müəllimin istifadə etdiyi bu yol kəndin mərkəzi küçəsindən keçir. Artıq təqaüddə olan bu müəllim deyir ki, “Palçıqlı yolda gedib-gəlmək qocaltdı məni, amma bu yolu düzəldən olmadı kı, olmadı”.Birinci qarabağ müharibəsi veteranı Əbülfəz Bağırovun sözlərinə görə, bu yol sadəcə məktəblilərə əngəl törətmir. Belə ki, yolun bərbad vəziyyətinə görə kəndə nə təcili yardım briqadası gələ bilir, nə də yanğınsöndürən maşınlar.
Qışda maşınların belə keçməkdə aciz qaldığı bu yolda sürücülər avtomobillərini müəyyən yerdə park edərək piyada mənzil başına getmək məcburiyyətindədirlər.
Məsələ ilə bağlı Yuxarı Qaramanlı bələdiyyəsi ilə də əlaqə saxlanılıb.
Bələdiyyə sədri Xanım Kərimova bildirib ki, Şəhid Mürsəl Əskərov küçəsindəki 900 metr məsafəli yola hər il bələdiyyə hesabına çınqıl tökülür. Yolun əsaslı təmir olunaraq asfalt döşənməsinə gəldikdə isə Xanım Kərimovanın sözlərinə görə, buna bələdiyyənin maddi gücü çatmır.
Belə görünür ki, bu tədris ilində də məktəb heyətinin və şagirdlərin ümidi qaldı ancaq İran qaloşlarına.
Neftçalanın II Qaralı kəndinin uşaqları ŞİKAYƏT EDİR: “Biz bu il məktəbə getməyək?” - VİDEO
11-09-2022