COP29 çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin təhsil, incəsənət və mədəniyyətin köməyi ilə təşviq edilməsi

 23-10-2024

British Council Bakıda 11-22 noyabr 2024-cü il tarixində keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iştirak edəcək və iqlim böhranını həll etmək məqsədilə incəsənət, mədəniyyət və təhsil sahəsində innovativ fəaliyyətini paylaşacaq. Təşkilat gənclərin hüquq və imkanlarını artırmaq, tərəfdaşlıqları möhkəmləndirmək üçün iqlim dəyişikliyi ilə mübarizədə təhsil və mədəni iştirakın vacibliyini nümayiş etdirəcək və Birləşmiş Krallığın bu sahədə liderliyini dəstəkləyəcək.

BBritish Council Azərbaycanın Bakı şəhərində 11-22 noyabr 2024-cü il tarixində keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edəcəyini elan edib.

British Council COP29 çərçivəsində iqlim böhranı ilə əlaqədar innovativ həll yollarının təşviq edilməsinə istiqamətlənmiş müzakirələr və tədbirlər vasitəsilə Birləşmiş Krallığın incəsənət və mədəniyyət, təhsil və ingilis dilinin tədrisi sahəsində təcrübəsini nümayiş etdirəcək. Bu zaman əsas diqqət gənclərin hüquq və imkanlarının artırılması, tərəfdaşlıqların möhkəmləndirilməsi və iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinə müştərək yanaşmanın hazırlanmasına veriləcək. British Council maraqlı tərəfləri cəlb etməklə və dərin dialoqlara təkan verməklə Birləşmiş Krallıq və qlobal tərəfdaşlar arasında anlayış və inamı gücləndirən əlaqələr qurmağı qarşısına məqsəd qoyub.

2024-2026-cı illər üçün yeni hazırlanmış iqlim strategiyasına əsasən, təşkilatın konfransda iştirak etməsi iqlim problemlərini müxtəlif təşəbbüslər vasitəsilə həll etmək öhdəliyini vurğulayır. British Council Böyük Britaniyanın Azərbaycandakı səfirliyi ilə tərəfdaşlıq edərək və səfirliyin “The Great Challenge Fund” vasitəsilə dəstəyi ilə Birləşmiş Krallığın konfransda iştirakını təmin etmək, strateji məlumatlar vermək və konfransdan uzunmüddətli ikitərəfli münasibətləri möhkəmləndirmək məqsədilə faydalanmaqla COP29-a öz töhfəsini verəcək.

Keçmiş uğurlara əsaslanan fəaliyyət

British Council COP29-dan öncə "The Climate Connection" (İqlim bağları) qlobal proqramına start verdikdən sonra qlobal tərəfdaşları ilə iqlim sahəsində qlobal əməkdaşlıq və dialoq platformasının təmin etmək və bütün dünyadakı insanları hərəkətə keçməyə ruhlandırmaq istiqamətində əməkdaşlığında ciddi uğurlara nail olub. Keçmiş uğurlarına əsaslanan təşkilat gənclərin iqlim dəyişikliyi ilə mübarizə ilə bağlı fikirlərinin bu ciddi dialoqun ön planında yer almasını təmin etməklə bu il də fəaliyyətini davam etdirəcək.

British Council panel müzakirələri, seminarlar, kurslar, təlimlər, canlı sessiyalar, dərs simulyasiyaları, çıxışlar və başqa tədbirlərlə iqlim dəyişikliyi ilə mübarizə tədbirləri və dayanıqlı inkişaf haqqında müzakirələrə təkan verəcək. Təşkilat marjinal qruplar üçün platformalar yaratmaqla iqlim dəyişikliyinin təsirinə ən çox məruz qalan tərəflərin səslərini eşitdirməyə və onların ciddi söhbətlərdə iştirak etməsini təmin etməyə çalışır.

Ölkə üzrə direktor Nərgiz Hacıyeva bildirmişdir: "COP29 Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə tədbirlərini dəstəkləmək öhdəliyini nümayiş etdirməsi üçün əla imkandır. Bu qlobal dialoqda iştirak edə bildiyimizə görə qürur hiss edirik. Biz təhsil və mədəni iştirakın iqlim dəyişikliyi probleminin həll edilməsində oynadığı vacib rolu nümayiş etdirməyi səbirsizliklə gözləyirik. British Council bütün dünyada iqlim proqramlarının koordinasiya edilməsi, iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün bilik və bacarıqların toplanması üçün tərəfdaşlar və şəbəkələrlə əməkdaşlıq təcrübəsinə malikdir. İqlim dəyişikliyi ilə mübarizə sahəsində gənclərin rolu artdıqca bütün dünyada gənclərin, xüsusilə də iqlim dəyişikliyinin təsirinə məruz qalan insanların ədalətli keçid, yaşıl bacarıqların inkişaf etdirilməsi, iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində gender bərabərliyi, bərabərlik və liderliyin təşviq edilməsinə istiqamətlənmiş tədqiqatlar və layihələrdə iştirak etməsi üçün şərait yaratmağa davam edəcəyik."

COP29-dan sonra gələcəyə baxış

British Council iqlim dəyişikliyi ilə mübarizə tədbirləri və dayanıqlı inkişaf haqqında dərin müzakirələrə təkan verməklə yanaşı, COP29-dan sonra da cari iqlim təşəbbüslərini inkişaf etdirməyə çalışır. 2024-2026-cı illər üçün iqlim dəyişikliyi strategiyasının əsas məqsədi iqlim və dayanıqlı inkişaf haqqında təhsilin gücləndirilməsi, gələcəyin liderlərinin dəstəklənməsi və iqlim dəyişikliyi ilə bağlı incəsənət və mədəniyyət tədbirlərinin təşviq edilməsidir. Strategiyada iqlim dəyişikliyinin risk altında qoyduğu mədəni irsin qorunması, fərqli təşəbbüslərin köməyi ilə məlumatlılığın artırılması və sektorlar üzrə dayanıqlı təcrübələrin təşviq edilməsi vurğulanır.

Azərbaycan COP29 çərçivəsində qlobal iqlim dialoqunda mərkəzi mövqe tutduğundan British Council aktual iqlim problemlərini həll etmək və daha dayanıqlı gələcəyimizə töhfə vermək üçün fərqli millətlərlə əməkdaşlıq etməyi planlaşdırır.

Bənzər yazılar

0.055186033248901