Vəzifəli şəxsin qabırğasını sındıran sabiq məmur həbs edildi

 24-10-2024

Lerik rayonunda iki il əvvəl məmurun qabırğasını sındıran sabiq vəzifəli şəxsə hökm oxunub.

Qaynarinfo.az-ın məlumatına görə, 1978-ci ildə Lerik rayonunda dünyaya gələn, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Lerik rayonunda meşəbəylikləri üzrə baş mütəxəssis vəzifəsində işləmiş Əskərov Mirsadiq Rakif oğlu beynəlxalq axtarışda olduğu üçün 26.12.2022-ci ildə Rusiyanın Moskva şəhərində tutularaq Azərbaycana gətirilib. 

Onun axtarışa verilməsinə səbəb Mirsadiq Əskərov Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Astara meşəbəylikləri üzrə baş mütəxəssis vəzifəsində işləyən Elşad adlı şəxsi döyərək qabırğasını sındırması olub. 

Belə ki, M.Əskərov 2021-ci ilin dekabr ayında işdən çıxarıldıqdan sonra "Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ərazi üzrə Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri Rəfayıl Tahirovla Lənkəran Regional Meşə İdarəsirinin rəisi Şahin Cəfərov əl-ələ verib cənub meşələrini məhv edir" başlığı ilə sosial şəbəkələrdə şikayət formasında yazı yazıb, fotolarla paylaşıb. Həmin yazılar mediada da işıqlandırılıb. 

Sözügedən şikayətdən sonra Lənkəran Regional Meşə İdarəsinin sabiq rəisi Şahin Cəfərovun göstərişi ilə 2022-ci ilin 2 yanvar tarixində Lerik meşbəyliyinin 5, 14 və 15 saylı dolaylarında yoxlama aparılıb. Yoxlamaya 1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Astara meşəbəylikləri üzrə baş mütəxəssis vəzifəsində işləyən Elşad və digər şəxslər göndərilib. 

Mirsadiq Əskərov Lerik meşbəyliyinin 5, 14 və 15 saylı dolaylarında aparacağı yoxlamaya etiraz olaraq idarə etdiyi VAZ-2109 markalı avtomobillə qeyd olunan əraziyə gedib. O, Elşadın "Niva” markalı avtomobildə əyləşdiyini görüb. Daha sonra "Sən kimsən ki, Astaradan Lerikə yoxlamaya gəlmisən" sualını zərərçəkmişə verərək, onu yaxasından tutub avtomobildən düşürüb, təpiklənazirlik əməkdaşını vurub. Nəticədə nazirlik əməkdaşı Lənkəran Rayon Xəstəxanasına yerləşdirilib, qabırğasının sındığı aşkarlanıb. O, cərrahiyyə əməliyyatı olunaraq dalağı çıxarılıb. 

Hadisədən sonra Mirsadiq Əskərov ölkəni tərk edərək, Moskvaya gedib və bir müddət sonra orada saxlanılaraq Azərbaycana gətirilib. 

Lənkəran Ağır Cinayətlər məhkəməsinin qərarı ilə Mirsadiq Əskərov Cinayət Məcəlləsinin 126.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 6 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib. 

Bənzər yazılar

0.10551500320435