Bakıda dələduzluqda ittiham edilən iş adamı saxlanılıb.
“Qafqazinfo.az” xəbər verir ki, Xətai RPİ-nin keçirdiyi tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq etmiş Samir Umudov tutulub.
Müəyyən edilib ki, həmin şəxs özünü təmir-tikinti firmasının rəhbəri kimi təqdim edərək müxtəlif vaxtlarda mənzillərini təmir edəcəyi adı ilə zərərçəkənləri aldadaraq pullarını ələ keçirib. Bu müddət ərzində S.Umudov həmin şəxslərdən ümumilikdə 317 min manatdan artıq pul alıb. Buna baxmayaraq o, vəd etdiyi kimi mənzillərdə təmir və tikinti işləri həyata keçirməyib.
Həmçinin, S.Umudov zərərçəkənlərdən birinin etibarından sui-istifadə edərək onun mənzilini banklardan birinə girov qoyaraq maddi vəsaiti ələ keçirib.
Təqsirləndirilən şəxs özü isə ittihamları qəbul etmir. O, məlumata vəkili Orxan Cəfərbəyli vasitəsi ilə münasibət bildirib.
Vəkilin dediyinə görə, müvəkkilinə Xətai Rayon Polis İdarəsi tərəfindən cinayət işi açılıb. Həbs tələbi ilə məhkəməyə çıxarılıb. Xətai Rayon Məhkəməsi isə həbsə ehtiyac görməyərək, Umudov barəsində ev dustaqlığı qətimkan tədbiri seçib.
Lakin istintaq orqanı bununla razılaşmayıb. Qərardan apellyasiya protesti verilib. Bakı Apellyasiya Məhkəməsi isə protestin əksinə olaraq ev dustaqlığı qətimkan tədbirini də ləğv edib: “Bu iş mülki məsələdir, mülki qaydada da həll edilməlidir”,-deyə vəkil qeyd edib.
Faktlarla bağlı Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılıb. S.Umudov təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Onun digər şəxslərə qarşı analoji cinayətlər etməsi istisna edilmir. S.Umudovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Xətai Rayon Polis İdarəsinə, "102" Xidməti-Zəng Mərkəzinə, ərazi polis orqanlarına və ya nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.
Qeyd edək ki, sosial şəbəkələrdə müxtəlif şəxslər özünü “ST Group” şirkətinin rəhbəri kimi təqdim edən Samir Umudov barəsində şikayətlər paylaşıblar.