Sarayda məktəbin binasından yıxılan şagirdin SON DURUMU

 11-10-2024

Abşeron rayonunda şagird məktəb binasından yıxılıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə Saray qəsəbəsində yerləşən 2 saylı orta məktəbdə qeydə alınıb.

Məktəbdə təhsil alan 8-ci sinif şagirdi Lalə Hüseynova (ad və soyad şərti) ilkin məlumata görə, məktəb binasının üçüncü mərtəbəsindən ehtiyatsızlıq nəticəsində yerə yıxılıb.

Məktəbli ağır sınıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Abşeron-Xızı regional Təhsil İdarəsindən məlumat verilib ki,  Saray qəsəbəsində 8-ci sinif şagirdi 2 nömrəli məktəbin üçüncü mərtəbəsindən yıxılıb:

"Abşeron-Xızı regional Təhsil İdarəsinin əməkdaşları və məktəb rəhbərliyi şagirdi xəstəxanada ziyarət ediblər.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, birgə araşdırmalar aparılır. Xəsarət almış şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir".

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Abşeron rayonu Saray qəsəbəsində yerləşən 2 saylı orta məktəbin binasından yıxılan 8-ci sinif şagirdi Lalə Hüseynova (ad və soyad şərti) durumu açıqlanıb.

TƏBİB-dən “Qafqazinfo”ya verilən məlumata görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 08.10.2024-cü il, saat 18:17-də Abşeron rayonu, Saray qəsəbəsi 2 saylı orta məktəbindən şagirdin yıxılması səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb edilib.

Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan 2010-cu il təvəllüdlü (qadın cinsli) şəxs müştərək travma diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub. 

Onurğanın bel-oma nahiyəsinin və çanaq sümüyünün sınığı, bel fəqərəsinin sınığı diaqnozları təyin edilən şəxs Neyrocərrahiyyə şöbəsinə yerləşdirilib.
 
O, 10.10.2024-cü ildə ixtisaslı tibbi xidmət almaq üçün Yeni Klinikaya təxliyə olunub. Hazırda vəziyyəti stabil olaraq qiymətləndirlir və əməliyyatı planlaşdırılır.

Qeyd edək ki, xəsarət alan məktəbli Saray qəsəbəsindəki 1 nömrəli tam orta məktəbin şagirdidir. Həmin məktəb hazırda təmirdədir.

 

Bənzər yazılar

0.095607995986938