BDU-da 18 tələbənin zəhərləndiyi bufetin fəaliyyəti MƏHDUDLAŞDIRILDI

 11-10-2024

Qazaxda zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilən tələbələrin hamısı ambulator müalicəsini davam etdirmək üçün evlərinə buraxılıb. 

Bu bərədə Bizim.Media-nın yerli bürosuna Qazax rayon Mərkəzi Xəstəxanasının həkimi Nərzin Əliyeva məlumat verib. 

Onun sözlərinə görə, 18 nəfər zəhərlənmə şübhəsi ilə xəstəxananın təcili-tibbi yardım bölməsinə daxil olub. Xəstələr həkim müayinəsindən keçirildikdən sonra onlara ilkin zəruri tibbi yardım göstərilib. 

Xəstələrin vəziyyəti stabilləşdiyindən 16 nəfər ambulator müalicə üçün evə buraxılıb. İki nəfər müşahidə üçün TTY bölməsində saxlanılıb, sonradan həmin iki nəfər də vəziyyətləri stabilləşdirilmiş şəkildə ambulator müalicə üçün evə buraxılıb.

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə rayon prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə bufetdəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub. 

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) zəhərlənən tələbələrin vəziyyəti açıqlanıb: “10.10.2024-cü il tarixində saat 19:00-dan başlayaraq Qazax Rayon Mərkəzi Xəstəxanasına ümumilikdə 18 nəfər (7 kişi, 11 qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə müraciət edib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 16 nəfər ambulator müalicə üçün evə buraxılıb, hazırda 2 nəfərin müalicəsi Təcili tibbi yardım bölməsində davam etdirilir, vəziyyətləri orta ağır olaraq qiymətləndirilir”.

Bundab başqa, Baş Prokurorluqdan verilən məlumata görə. oktyabrın 10-u saat 19 radələrində Qazax şəhəri ərazisində yerləşən Bakı Dövlət Universitetinin Qazax filialının yeməkxanasında 18 nəfər tələbənin qida zəhərlənməsi şübhəsilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Qazax rayon prokurorluğunda araşdırma aparılır. 

Bildirilir ki, zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə yeməkxanadakı qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub: "Zəhərlənmə nəticəsində xəstəxanaya müraciət etmiş 18 tələbə ambulator nəzarətə götürülməklə evlərinə buraxılıb", - məlumatda qeyd olunub. 

Bufetin fəaliyyəti isə məhdudlaşdırılıb. Araşdırmaların nəticələri ilə bağlı məlumat veriləcək. 

Xatırladaq ki, hadisə dünən Qazax şəhər ərazisində yerləşən Bakı Dövlət Universitetinin Qazax filialının bufetində baş verib.

Bənzər yazılar

0.13594794273376