Nazir Emin Əmrullayev: "Elmi dərəcəsi olanların hamısı əsl alim deyil"

 08-10-2024

Bu gün Bakıda Təhsilin İnkişafı Forumu keçirilib.

Forumda Elm və təhsil naziri Emin Əmrullayev, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, SOCAR-ın prezidenti Rövşən Nəcəf, Təhsilin inkişafı Forumunun İdarə heyətinin sədri Elnur Nəsibov, Milli Məclisin elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, universitet rektorları və digər qonaqlar iştirak edib.

Tədbir Azərbaycan Respublikası Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Bakıda "Tərəfdaşlıqdan Tərəqqiyə" şüarı ilə keçirilən Təhsilin İnkişafı Forumunda elm və təhsil naziri Emin Əmrullayev çıxışı zamanı deyib ki, dünyada fəlsəfə doktoru (phd) elmi dərəcəsi olan adamların hamısı əsl alim deyil: "Biz belə elmi dərəcəsi olanlara - "siz alim deyilsiniz", - deməkdən qorxmalı deyilik. Alimin elmi tədqiqatı olmalıdır", - deyə nazir qeyd edib.

O bildirib ki, bu aydan başlayaraq 100-dən artıq alimə mükafatlar veriləcək: "Bu hələ başlanğıcdır və davam edəcək".

Emin Əmrullayev deyib ki, mükafatlar 700 manatdan 1000 manatadək nəzərdə tutulub. Elm və təhsil naziri bildirib ki, Azərbaycanda qızların təhsilinə dəstək üçün özəl şirkətlərlə əməkdaşlıq olunur.

Onun sözlərinə görə, Təhsilin İnkişafı Fondunun yaradılması tərəqqiyə atılan addımdır:

"Bu, təhsilin inkişafında özəl şirkətlərlə əməkdaşlıq qurmağa imkan verir. Təhsilin inkişafı ilə bağlı özəl şirkətlərlə əməkdaşlıq şəraitində bir sıra layihələr həyata keçirilir. Bunların arasında qızların təhsilinə dəstək ideyaları da var".

Nazir bildirib ki, ölkədə ikinci dəfədir keçirilən Təhsilin İnkişafı Forumu müxtəlif tərəfləri, özəl və dövlət qurumlarını bir araya gətirib.

Daha sonra Təhsilin İnkişafı Forumunun fəaliyyəti ilə bağlı videoçarx yayımlanıb.
 

Bənzər yazılar

0.10397100448608