29 yaşlı Nicatı öldürənin ittihamı ağırlaşdırıldı

 03-10-2024

Dörd ay əvvəl Sumqayıtda 29 yaşlı gənci qətlə yetirməkdə təqsirləndirilən 25 yaşlı Nüsrət Həsənəlilinin ittiham edildiyi maddə ağırlaşdırılıb.

“Qafqazinfo” xəbər verir ki, 1995-ci il təvəllüdlü Nicat Bayramovun qətlinə görə saxlanılmış N.Həsənəliliyə Cinayət Məcəlləsinin 120.2.2-ci - xuliqanlıq niyyətilə adam öldürmə maddəsi ilə ittiham elan edilib.

Onun barəsindəki cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hazırlıq iclası oktyabrın 9-u keçiriləcək.

Qeyd edək ki, iyunun 9-u saat 2 radələrində Sumqayıt şəhəri ərazisində 1995-ci il təvəllüdlü Nicat Bayramovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1999-cu il təvəllüdlü Nüsrət Həsənəlilinin şəhərin Hacı Zeynalabdin qəsəbəsində yerləşən kafelərin birində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Nicat Bayramovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda ilkin olaraq Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Xatırladaq ki, ağırlaşdırılmış hallarda adam öldürmə cinayətinə görə təqsirləndirilən şəxslər 14 ildən 20 ilə qədər və ya ömürlük həbslə cəzalandırılır.

Bənzər yazılar

0.16789603233337