Oktyabrın 3-də Minskdə rəsmi səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Belarus Respublikasının Baş naziri Roman Qolovçenko ilə görüşüb.
Oxu.Az "Belta.by"a istinadən xəbər verir ki, hökumət başçılarının məhdud tərkibdə görüşü keçirilib, daha sonra müzakirələr hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.
Görüşdə Azərbaycan-Belarus dövlətlərarası münasibətlərinin yüksək səviyyəsindən məmnunluq ifadə olunub. İki ölkə prezidentlərinin sıx təmasları və birgə səyləri nəticəsində müxtəlif sahələrdə qarşılıqlı faydalı tərəfdaşlığın dinamik inkişafı qeyd edilib.
Hökumət başçıları sənaye və aqrar sahədə əməkdaşlığın sabit inkişafını vurğulayıb və hər iki tərəfin kənd təsərrüfatı məhsullarının qarşılıqlı tədarükünü artırmağa hazır olduğunu təsdiqləyib.
Tərəflər nəqliyyat və tranzit sektorunda əməkdaşlığın dərinləşdirilməsini zəruri hesab ediblər.
Əli Əsədov və Roman Qolovçenko, həmçinin qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişafı perspektivlərini müzakirə ediblər və Azərbaycan və Belarus üçün qarşılıqlı maraq doğuran bütün aktual məsələlər üzrə birgə fəaliyyət göstərməyə hazır olduqlarını bildiriblər.
Danışıqların yekununa dair Ağdam rayonunda kənd təsərrüfatı istehsalının inkişafı, səhiyyə sahəsində əməkdaşlıq, Ağdam rayonunun Qızıl Kəngərli kəndində aqroşəhərciyin layihələndirilməsi və yanğınsöndürmə avadanlığının tədarükü ilə bağlı bir sıra sənədlər imzalanıb.