Xaçmazda şəhər 9 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi sinif yoldaşını bıçaqlayıb.
Hadisə oktyabrın 1-də saat 16:00 radələrində baş verib.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib ki, oktyabrın 1-də saat 16:00 radələrində Xaçmaz rayonunda 2009-cu il təvəllüdlü Ayxan Fuad oğlu Nəsrullayev 2008-ci il təvəllüdlü Kənan Taryel oğlu Orucova aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirib.
Xaçmaz şəhər 9-saylı tam orta məktəbinin 10-cu sinif şagirdi Kənan Taryel oğlu Orucov öz sinif yoldaşı Ayxan Fuad oğlu Nəsrullayev tərəfindən bıçaqlanıb.
Kənan Orucov Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, əməliyyat olunub. Onun vəziyyətinin kafi olduğu bildirilir.
2009-cu il təvəllüdlü Ayxan Fuad oğlu Nəsrullayev isə polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Quba-Xaçmaz Regional Təhsil İdarəsindən Xaçmazda sinif yoldaşı tərəfindən bıçaqlanan şagirdin fiziki və psixoloji vəziyyətinin diqqətdə saxlanıldığı bildirilib.
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin əməkdaşı Murad Qəribov "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirib ki, Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi A.Nəsrullayev sinif yoldaşı K.Orucova evlərinin yaxınlığında aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib.
Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib, hazırda müalicəsi davam etdirilir. Onun fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir.
M.Qəribovun sözlərinə görə, stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün məktəb rəhbərliyinə şagirdlər və pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb.
“Uşaqların yeniyetməlik dövru olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq, ictimaiyyətdən də bu mövzuda daha həssas davranmasını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad olunmasını xahiş edirik”, - idarə rəsmisi deyib.