Qida Təhlükəsizliyi Agentliyi (AQTA) xarici ölkələrdən Azərbaycana ixrac həyata keçirən qida obyektlərinin təsdiqi reyestrinə 4 Belarus şirkətini daxil edib.
Yeniavaz.com xəbər verir ki, bu şirkətlərdən biri Belarusda ət və sümük unu istehsalı ilə məşğul olan “Qomelskiy belkovo jirovoy zavodu” (ОАО Гомельский белково-жировой завод) olub.
Məlumat üçün bildirək ki, AQTA Azərbaycana ixrac həyata keçirən qida obyektlərinin təsdiqi reyestrinə ilk dəfə ət və sümük unu istehsalçısını da daxil edir.
Qeyd edək ki, ət və sümük unu heyvan tullantılarının emalından (üyüdülməsi) əldə olunur. Ət və sümük unu fosfor gübrəsi kimi bitkiçilikdə istifadə olunur.
Eyni zamanda ət və sümük unu heyvandarlıqda kalsiumla zəngin yem əlavəsi kimi də istifadə edilə bilər. Xüsusən də broyler toyuqlarının və ev heyvanlarının (it, pişik) qidalanmasında sümük unundan geniş istifadə olunur.