Azərbaycanda hazırlanmış “Ovçu” minaatan dronu IV Azərbaycan Beynəlxalq Müdafiə (ADEX) Sərgisində nümayiş olunur.
“Report” xəbər verir ki, aparat müşahidə və hədəfi tuşlama funksiyalarını yerinə yetirə bilir.
“Ovçu” yaxın təmas döyüşləri üçün nəzərdə tutulub. Havada 20 dəqiqə qala bilir, 150 metrdən 500 metrədək effektiv döyüş aparmaq imkanı verir. Dron 82 mm-lik dörd ədəd mina daşımaq qabiliyyətinə malikdir.
Bundan başqa, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və Türkiyənin ASELSAN şirkətinin birgə layihəsi əsasında 250 kq çəkisi olan “QFAB-250 LG” HE bombası hazırlanıb.
250 kq qəlpəli-fuqaslı aviabomba daha dəqiq nişanalmaya malikdir. O, hərbi texnikanı, qurğuları, hərbi sənaye və energetika obyektlərini, nəqliyyat vasitələrini, aerodromdakı təyyarələri, anbarları, körpüləri, canlı qüvvəni və düşmənin digər hədəflərini məhv etmək üçün nəzərdə tutulub.
Həmçinin İordaniyanın “Jadara Equipment & Defense Systems” şirkəti Azərbaycanla birgə tank əleyhinə silah istehsalına başlamaq niyyətindədir.
Bunu şirkətin meneceri Valid Rabab deyib.
Onun sözlərinə görə, birgə müəssisənin İordaniyada yaradılması nəzərdə tutulur, istehsal prosesinin başlayacağı tarix hələlik məlum deyil.
O, həmçinin qeyd edib ki, şirkət hazırda tank əleyhinə silahların nümunələrini istehsal edir.