Məlum olduğu kimi, sentyabrın 15-də məktəblər yeni tədris ilinə start verəcək. Hər il yüzlərlə uşaq məktəbə başlayanda adaptasiya problemi yaşayır.
Bəs bu problemin təməlində nə durur və həlli üçün nələr edilməlidir?
Məsələ ilə bağlı Sfera.az-a açıqlamasında klinik psixoloq Nahidə Axundova bildirib ki, sentyabr ayı məktəblilər üçün ən çətin dövrlərdən biridir:
“Məktəblilər üçün ilin ən uzun tətili sona çatır. Üç aydan çox müddətdən sonra birdən-birə uşaqların loru dildə desək, “azadlıqları” bitir. Sentyabr, ümumiyyətlə, uşaqlar və yeniyetmələr üçün ən böhranlı dövr hesab edilir. Bu, “məktəb depressiyası” vaxtı da adlanır. Məktəblilər yayda nə qədər yaxşı dincəlib, güc toplasa da, sentyabrın ortasına gələndə sanki artıq bir rüb təhsil almış kimi yorulurlar. Həmin dövrdə bir çox şagird özünü narahat hiss etdiyini deyir, heç bir səbəb olmadan əsəbiləşir, valideynlər isə təşvişə düşməyə başlayırlar”.
Psixoloq qeyd edib ki, əgər böyüklərə belə məzuniyyətdən sonra işə qayıdanda adaptasiya üçün bir həftə lazımdırsa, uşaqlarda bu müddət daha uzundur:
“Məktəbə adaptasiya təbii bir prosesdir, amma hər uşaqda bu, fərqli keçir. Bəziləri artıq bir həftədən sonra məktəb həyatına fəal şəkildə qoşulurlar, bəziləri özlərinə qapanırlar, qalanları isə ümumiyyətlə, depressiyaya düşərək məktəbdən qaçır və dərs buraxırlar. Bu, çox vaxt sinir sisteminin növündən və uşağın yaşından asılıdır”.
N.Axundovanın sözlərinə görə, bu məsələdə əsas iş valideynlərin üzərinə düşür:
“Valideynlərin əsas vəzifəsi uşağın ürəyində məktəbə qarşı mənfi münasibət yaratmamaq, əksinə, tətil sonrası dərslərə mümkün qədər tez uyğunlaşması və məhsuldar iş atmosferinə köklənməsi üçün hər şeyi etməkdir.Uşaqlarınıza qarşı diqqətli olun, onları daha yaxşı tanıyın, unutmayın ki, birlikdə hər bir işin öhdəsindən gələ bilərsiniz. Əgər bu prosesdə çətinlik çəkirsinizsə, professional dəstək almaqdan çəkinməyin”.