Generalın rektor olduğu akademiyanın saytı LƏĞV EDİLDİ - Müəmmalı QƏRAR

 10-09-2024

Fövqəladə Hallar Nazirliyinin Akademiyasının veb-səhifəsi ləğv edilib.

MillətinSəsi.İnfo "Qaynarinfo"ya istinadla xəbər verir ki, general-mayor Baba Salayevin rəhbərlik etdiyi təhsil mərkəzinin fəaliyyəti barədə qısa məlumatlar yalnız Fövqəladə Hallar Nazirliyinin saytında dərc edilir.

Azərbaycanda dövlət qurumlarının nəzdində fəaliyyət göstərən bütün ali təhsil ocaqlarının rəsmi saytlarının olması gözlənilsə də, 21-ci əsrdə sözügedən akademiyanın saytının ləğv edilməsi müəmmalı qərar kimi qiymətləndirilir.

Nəticədə akademiya haqqında geniş və ətraflı məlumat almaq mümkün deyil.

Akademiya nazirliyin idarə və təşkilatlarının siyahısında yer alır.

Hazırda akademiyanın müəllim kontingenti, onların elmi tədqiqatları, məqalələri və digər məlumatlar haqqında heç bir məlumata rast gəlmək mümkün deyil.

Qeyd edək ki, bu ilin aprel ayına qədər akademiyanın rəhbər şəxslərinin adı yer alan sayt mövcud idi. 24.04.2024-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) www.fhn.gov.az ünvanında yerləşən rəsmi internet informasiya resursu tam yeniləndikdən sonra sözügedən veb səhifə silinib.

Xatırladaq ki, müasir dövrdə təhsil sahəsində veb saytlar əvəzolunmaz alətlərdən birinə çevrilib. Bu saytlar təkcə informasiya paylaşımı üçün deyil, həm də tədris prosesinin təkmilləşdirilməsi, tələbə və müəllimlər arasındakı əlaqələrin gücləndirilməsi və idarəetmə funksiyalarının optimallaşdırılması üçün istifadə olunur.

Təhsil saytları tələbələr, valideynlər, müəllimlər və digər maraqlı tərəflər üçün vacib məlumat mənbəyidir. Bu saytlar vasitəsilə tədris proqramları, qəbul şərtləri, dərs cədvəlləri və təhsil müəssisəsinin fəaliyyətləri haqqında ətraflı məlumat əldə etmək mümkündür.

FHN-in saytında 27 avqust 2024-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyası barəsində elan verilib. Elanda, Elm və Təhsil Nazirliyinin www.portal.edu.az elektron portalında təhsilin bakalavr səviyyəsinə qəbul olmuş tələbələrin qeydiyyatdan keçmələri və pambıq parçadan qara rəngdə corab (azı 3 cüt), paltar və ayaqqabı təmizləmək üçün şotkalar, qara rəngdə ayaqqabı kremi götürüb, Hövsan qəsəbəsi, Fövqəladə Hallar Nazirliyinin Akademiyasına yaxınlaşmaları tövsiyə edilir.

Məsələ ilə bağlı Qaynarinfo ilə əlaqə saxlayan Akademiyanın əməyin mühafizəsi kafedrasının rəisi, saytın nəzarətçisi Xalid Həsənov suallarımızı cavablandırıb.

Onun sözlərindən məlum olub ki, Akademiyanın rəsmi saytı artıq yeni domendə fəaliyyət göstərəcək: https://fhna.edu.az. Əvvəlki domen- Akademiya.fhn.gov.az isə ləğv edilib.

"Əvvəlki domen nazirliyin veb-səhifəsində sub-domen kimi fəaliyyət göstərirdi. Nazirliyin veb səhifəsi ilə bərabər, bizim də saytımız təmirə dayandığı üçün işləmirdi. Yeni tədris ilindən yeni saytımız fəaliyyət göstərir, bundan sonra fəaliyyətimizlə bağlı məlumatlar burada yayımlanacaq" - deyə X.Həsənov bildirib.

Bənzər yazılar

2.0203030109406