Binəqədidəki partlayışla bağlı MƏHKƏMƏ - Toğrul Rzayev qohumunun tapşırıqlarını icra edib

 05-09-2024

Bakının Binəqədi rayonunda bu il yanvarın 15-də “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışda təqsirli bilinən Tağı İbrahimov və Toğrul Rzayevin məhkəmə prosesi keçirilib.

“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Müttəhim Toğrul Rzayev deyib ki, o hadisə baş verən zavodda qeyri-rəsmi işləyərək, həmin zavodda icarə haqlarını yığırmış. Dövlət ittihamçısı işdə prosessual pozutulara yol verilmədiyini bildirərək cinayət işinin məhkəmə baxışına verilməsini məqsədəuyğun hesab olunduğunu deyib.

T.İbrahimovun müdafiəçisi vəsatətə verərək onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsini xahiş edib. Vəkilin sözlərinə görə, müvəkkili qəsdən törədilməyən hadisə ilə bağlı təqsirli bilinir. Onun sözlərinə görə, T.İbrahimov dövlətə olan vergi borcunun çoxunu da ödəyib. T.Rzayevin vəkili də öz növbəsində bildirib ki, müvəkkilinin Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirli bilinməsi düzgün deyil.

"Toğrulla zavod arasında əmək müqaviləsi olmayıb. Ancaq qohumu Tağı İbrahimovun göstərişi ilə icarə haqlarını yığıb. Əmək müqaviləsi olmadığı üçün Toğrulun yanğın təhlükəsizliyi ilə bağlı hər hansı bir öhdəliyi də olmayıb. Ona görə də müvəkkilim Cinayət Məcəlləsinin 225.3-cü maddəsinin subyekti deyil. Məhkəmədən xahiş edirəm ki, onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığına buraxılsın", - vəkil deyib.

Məhkəmə müşavirədən sonra hər iki təqsirləndirilən şəxsin vəkili tərəfindən onların ev dustaqlığına buraxılması ilə bağlı vəsatətlərini təmin etməyib. Həmçinin prosesin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edib.

Məhkəmənin növbəti iclası sentyabrın 12-nə təyin olunub.

Qeyd edək ki, istintaq materiallarında ASC-nin sahibi Tağı İbrahimov və inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulduğu halda bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına səbəb olduqları bildirilib.

İttihama görə, onlar ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurub, eləcə də Tağı İbrahimov külli miqdarda vergiləri ödəməkdən yayınıb.

Tağı İbrahimov Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə təqsirli bilinir.

 

Bənzər yazılar

0.12524104118347