Yeni dərs ilinə hazırlaşan valideynlər bu gün, sentyabrın 5-də Bakı Tikiş Evinin (BTE) qarşısında izdiham yaradıblar.
Valideynlər Toplum TV-yə deyiblər ki, məktəbli forması almaqda çətinlik çəkirlər.
Buna səbəb Nazirlər Kabinetinin məktəbli formalarının tətbiq edilməsi ilə bağlı qərarıdır. Belə ki, bu ilin martın 17-də Baş nazir Əli Əsədov “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında” qərar imzalayıb.
Qərarda məktəblər üçün nəzərdə tutulmuş 4 rəngdə (tünd-göy, tünd-boz, qəhvəyi-yaşıl (xaki), açıq-qəhvəyi) geyim formasının nümunəsi təklif olunub.
Bu işin icrası ilə yalnız Bakı Tikiş Evi məşğul olur. Bu da Bakı Tikiş Evinin önündə sıxlığa səbəb olub.
Bakı Tikiş Evində məktəbli formaları artıq avqustun 17-dən satışa çıxarılıb.
Valideynlər isə hesab edirlər ki, şəhərin müxtəlif yerlərindən gələn valideynlərin əsas istəyi məktəbli formalarının digər satış mərkəzlərinə də çıxarılmasıdır.
Nazirlər Kabinetinin qərarına görə isə təhsilalanların geyim forması qış və yay formalarından ibarətdir.
Qızlar üçün yay forması – üçdüyməli qısaqol köynək və ətək, oğlanlar üçün yay forması – üçdüyməli qısaqol köynək və şalvar.
Qızlar üçün qış forması – üçdüyməli uzunqol köynək, ətək və ya şalvar, önü bağlanılan cibli jaket, oğlanlar üçün qış forması – üçdüyməli uzunqol köynək, şalvar və önü bağlanılan cibli jaket.
Məktəblərin sifarişi əsasında bu qərarda göstərilən rənglərdən və modellərdən istifadə olunmaqla müxtəlif dəstlər hazırlana bilər. Hər məktəbdə yalnız bir geyim forması dəsti tətbiq edilir.
BTE-nin Satış şöbəsinin müdiri Etibar Əzimov AZƏRTAC-a deyib ki, Bakı Tikiş Evində (BTE) ancaq iki rəngdə (ağ köynək, göy şalvar və ətək) və (mavi köynək, boz şalvar, ətək) məktəbli forması tikilir və satışa çıxarılıb: “Məktəbli formalarının bütün ölçüləri üçün ətək və şalvarların qiyməti 25 manat, uzunqol və qısaqol köynəklərin qiyməti isə 14 manatdır. Valideynlər hələ ki, BTE-nin satış mağazalarına yaxınlaşaraq məktəbli formalarının nümunələrindən əldə edə bilərlər. Sonrakı günlərdə isə məktəbli formaları digər ünvanlarda satışa çıxarılacaq. Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.
Elm və Təhsil Nazirliyindən Toplum TV-yə bildirilib ki, köhnə formaların tətbiqi 2023-cü ilinin sonunadək davam edə bilər: “Nazirlər Kabinetinin qərarına əsasən, məktəblərdə yeni formaların tətbiqi 2022-2023-cü tədris ilinin sonunadək tətbiq edilə bilər”.
Qeyd edək ki, təhsil naziri Emin Əmrullayev qeyd etmişdi ki, məktəbli formaları ilə bağlı hər bir məktəb öz daxilində qərar verməlidir. Bu qərar verilərkən qaydada nəzərdə tutulan məktəbli formalarından istifadə edilməlidir.
"Şagirdlərin vahid və müxtəlif çalarları məktəbli formasına keçməsi müsbət hal olacaq, eyni zamanda məktəb daxilində müəyyən sosial bərabərsizliklərin aradan qaldırılmasına, davranış dəyişikliklərinə də öz təsirini göstərəcək", - deyə nazir bildirmişdi.