“Tərtər işi”nin istintaqı zamanı Məmmədov Rahib Ramazan oğlu Cinayət Məcəlləsinin 145.3, 293.2, 341.2.2 və 341.2.3-cü maddələri təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Yeniavaz.com xəbər verir ki, R.Məmmədov daha çox Rahib Bəşər təxəllüslü şair, yazıçı kimi tanınır.
O, 17 aprel 1987-ci ildə Bakı şəhərində anadan olub. 1993-2004-cü illərdə Bakı şəhəri, Nəsimi rayonu Saleh Poladi adına 159 saylı orta məktəbdə təhsil alıb. 2004-2008-ci il tarixlərində Odlar Yurdu Universitetində “Beynəlxalq Hüquq” ixtisası üzrə ali təhsil alıb ve oranı fərqlənmə diplomu ilə bitirib.
Rahib Bəşər ədliyyə mayoru rütbəsində, hərbi hüquqşünas kimi cəbhə zonasında dislokasiya edilmiş hərbi hissədə xidmət edib. O, hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi olub.
Yaradıcılığa İmadəddin Nəsiminin “Nədir?” rədifli şeirinə yazdığı nəzirə ilə başlayıb. “Sevgi Dünyam” adlı şeir kitabı şairin oxucularla ilk görüşü olub. Daha sonra “Həyat eşqi” ve “Zirvəyə doğru” şeir kitabları, “Beynəlxalq təşkilatlar” və “Bədii əsərlərin qısa məzunu - 1-ci hissə” adlı kitabları nəşr edilib. İlk nəsr əsəri isə “Sarıqamışdan gələn məktub” romanı olub, həmçinin “Qisas”, “Türkmənçay” romanlarının da müəllifidir.
Qeyd edək ki, R.Məmmədov Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl Qələm" və "Azərbaycan Bayrağı" mükafatları laureatıdır, Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsüdür.