Tarixçi-professor Nəsiman Yaqublu Zəngilandan qayıdarkən qəzaya düşüb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, bu gün saat 19 radələrində Cəbrayıl rayonu ərazisində sürücü Nəsiman Yaqublu “Nissan” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək maşını yol kənarına aşırıb.
N.Yaqublu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. Tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
TƏBİB qəzada vəfat edən Nəsiman Yaqublu barədə məlumat yayıb.
Qurumdan bildirilib ki, Nəsiman Qara oğlu Yaqublu Cəbrayıl rayonu ərazisində qəzaya düşmə səbəbilə 25.08.2024-cü il tarixində saat 18:30 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
“Ona qapalı kəllə-beyin travması, döş qəfəsinin küt travması, hemotoraks, sol said sümüklərinin yerdəyişən sınığı, qarın boşluğunun küt travması, travmatik şok diaqnozları təyin edilib.
Həkimlərin səylərinə, aparılan tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb, saat 18:43-də ölüm faktı qeydə alınıb”, - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, Bakı Dövlət Universitetində müəllim işləyən professor Zəngilan-Qubadlı dairəsindən deputatlığa namizəd idi. O, Zəngilandan seçicilərlə görüşdən qayıdırmış.
Tarixçi-professor Nəsiman Yaqublu bu gün Zabrat qəbiristanlığında dəfn olunacaq.
Bu barədə "Report"a onun yaxınları məlumat veriblər.
Bildirilib ki, dəfn mərasimi saat 13:00-14:00 üçün nəzərdə tutulub.