Bir azərbaycanlı Quranı yandırmaq “cəsarətini” kimdən və haradan alır?

 24-08-2024

Bu günlərdə Elxan Nəbiyev adlı bir azərbaycanlının müsəlmanların müqəddəs kitabı Quranı yandırması, Məhəmməd Peyğəmbəri təhqir etməsi sosial şəbəkələrdə geniş müzakirə olunur.

Yeniavaz.com xəbər verir ki, əhalisinin böyük əksəriyyətinin müsəlmanlardan ibarət olduğu Azərbaycanda belə bir aksiyanın baş verməsi insanlar tərəfindən həm hiddət, həm də təəccüblə qarşılanıb.

Bugünə qədər Quranın yandırılması ilə bağlı hadisələr əsasən Avropa ölkələrində baş verirdi. Bu səbəbdən Azərbaycan kimi müsəlman ölkəsində və bir azərbaycanlı tərəfindən belə bir addımın atılması insanların haqlı təəccübünə səbəb olub.

Sosial şəbəkələrdə aparılan müzakirələrdə belə görünür ki, insanlar baş vermiş hadisənin təsadüf olmadığını və bu çirkin aksiyanın arxasında hansısa qüvvələrin təxribatçı niyyətlərinin olduğunu düşünürlər.

Azərbaycanda əhalinin böyük bir hissəsi müsəlman olsa da, ölkədə başqa dinlərə inanan, o cümlədən də heç bir dinə inanmayan ateistlər yaşayır.

Azərbaycan cəmiyyətində kifayət qədər tanınan şəxslər arasında da ateistlərin olduğu məlumdur. Başqa ölkələrdən fərqli olaraq Azərbaycan inanc baxımından dünyanın azsaylı tolerant ölkələrindən biridir. Bugünə kimi dini zəmində hər hansı qarşıdurma müşahidə olunmayıb.

Elxan Nəbiyev adlı şəxs bir neçə il əvvəl yaydığı video müraciətində etiraf edir ki, uzun müddət Avropa ölkələrində yaşayıb. Heç bir ali təhsili, peşəsi olmayan bu şəxsin asanlıqla Avropaya getməsi və yenidən Azərbaycana qayıtması haqlı olaraq insanlarda suallar yaradır.

Quranı yandıran zaman heç kimdən qorxmadığını deyərək, cəmiyyətə qarşı meydan oxuyan bu şəxs hazırda hansı ölkədə yaşayır və onu himayə edənlər kimlərdir?

Əlbəttə, aydın məsələdir ki, onu dünyaya gətirən valideyinlərinin dininə qarşı bu cür təhqiramiz ifadələr işlətməkdən çəkinməyən birinin belə bir “cəsarəti” anlıq qəzəbin təzahürü ola bilməz. Onu “cəsarətləndirən” başqa səbəblər və güclərin olduğu insanların böyük əksəriyyətində şübhə doğurmur.

Lakin, cəmiyyəti düşündürən əsas məsələ odur ki, bu təxribatı törədənlər nəyə nail olmaq istəyirlər? Onların niyyəti nədir?

Murad Məmmədov

Bənzər yazılar

0.10825896263123