Həbsxanada koronavirus infeksiyasından dünyasını dəyişən keçmiş deputat Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılovun ev dustaqlığına buraxılması narazılığa səbəb olub.
Qaynarinfo.az xəbər verir ki, Rafael Cəbrayılovla bağlı cinayət işində zərərçəkən qismində tanınan vətəndaşlar Elşən Cəbrayılovun həbs olunmasını cinayət işlərinin birləşdirilməsini tələb edirlər.
Məlumat üçün deyək ki, Elşən Cəbrayılov Nərimanov Rayon Pollis İdarəsi tərəfindən həbs olunmuşdu. Onun Vətən müharibəsi iştirakçısı da daxil olmaqla bir neçə nəfərə qarşı dələduzluq etdiyi iddia olunub.
Elşən Cəbrayılov Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət əməli törətməkdə şübhəli bilinərək barəsində həbs qətimkan tədbiri seçilmişdi. Lakin sonradan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.
Zərərçəkənlər bildirir ki, onlara qarşı dələduzluq əməlində Elşən Cəbrayılovun da adı keçir. “Hər halda mərhum qardaşı bir neçə dəfə məhkəmədə bizə qarşı dələduzluq əməlinin məhz Elşən Cəbrayılov tərəfindən törədildiyini deyib və onun məsuliyyətə cəlb olunmasını tələb edib. Lakin buna baxmayaraq Elşən Cəbrayılov barəsində müvafiq tədbirlər görülməyib. Onun barəsində hazırda istintaqı aparılan cinayət işinin bizim işə aidiyyatı yoxdur. Bizim tələbimiz bu işlərin birləşdirilərək birgə araşdırılması ilə bağlıdır”, deyə zərərçəkənlər bildirib.
Onların sözlərinə görə, Elşən Cəbrayılovun məsuliyyətə cəlb olunması üçün qanunun imkan verdiyi bütün vasitələrdən istifadə edəcəklər.
Rafael Cəbrayılovun hüquqi varisi olan xanımı Aidə Cəbrayılova da Elşən Cəbrayılovun məsuliyyətə cəlb olunmasını tələb edir. “Əslində Rafael Cəbrayılov yox, Elşən Cəbrayılov həbs olunmalı idi. Çünki bütün bu oyunları quran odur. Digər tərəfdən, mən onun vergi cinayəti barədə müvafiq qurumlara müraciət etmişdim. Nəticəsi olmadı. Cinayət işlərinin birləşdirilməsi barədə vəsatət qaldırmışdıq. Amma təmin olunmadı”, deyə Aidə Cəbrayılova Qaynarinfo-ya bildirib.
Bəzi iddialara görə, Elşən Cəbrayılovun ev dustaqlığına buraxılması özü ilə bağlı cinayət işində zərərçəkən kimi tanınan şəxsləri razı salması ilə bağlıdır. Aidə Cəbrayılova da bu barədə məlumatlı olduğunu deyib. “Məndə olan məlumata görə, həmin adamlardan bəzilərinin pulunu qaytarıb. Ona görə də həbs qətimkan tədbiri dəyişdirilib”, – deyə keçmiş deputatın xanımı əlavə edib.
Aidə Cəbrayılova və zərərçəkənlər narahatdır ki, Elşən Cəbrayılov bu üsulla məsuliyyətdən yayınıb ölkəni tərk edə bilər.